“Abşeron” Rəsm Qalereyasında “Azərbaycan deyəndə” kitabının təqdimatı mərasimi və 60 fotokompozisiyadan ibarət fotosərgi keçirildi. Tədbiri giriş sözü ilə qalereyanın direktoru Eldəniz İbrahimov açaraq kitab və foto sərgi haqqında tədbir iştirakçılarına məlumat verdi.
    
   O, kitabın “Abşeron” Rəsm Qalereyası tərəfindən hazırlandığını və “SİNAM“ şirkətinin dəstəyi ilə çap olunduğunu bildirdi. Qeyd etdi ki, bu işdə əsas məqsəd Azərbaycanda və xarici ölkələrdə respublikamız haqqında dolğun informasiya yaymaqdır.
   Kitabda Azərbaycan mədəniyyətinin incəliklərini-tarixini, turizm və infrastrukturun inkişafı üçün geniş imkanları əks etdirən 400-ə yaxın fotoşəkil var. O, daha sonra bildirdi ki, bu, “Vətən qarış-qarış” seriyasından qalereyanın ikinci nəşridir. Birinci nəşr 2009-cu ildə işıq üzü görüb və Şəki-Zaqatala zonasına həsr edilmişdi. “Azərbaycan deyəndə” kitabında isə ayrılıqda 9 region - Bakı-Abşeron, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Lənkəran, Şirvan, Şəki-Zaqatala, Aran və Gəncə-Qazax bölgələri haqqında məlumat verilib.
   Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev, “SİNAM” şirkətinin prezidenti Elçin Əliyev kitabın əhəmiyyətindən söz açdılar. Vurğuladılar ki, nəşrdə əlifba sırası ilə Azərbaycan haqqında ən müxtəlif məlumatların təqdim edilməsi, materialların Azərbaycan, ingilis və rus dillərində hazırlanması ona daha çox oxucu auditoriyası qazandıracaq.
   Topludakı fotolar respublikanın tanınmış 26 fotoqrafı (Asim Talıbov, Tahir Cəfərov, Emil Xəlilov, Rüstəm İsmayılov və başqaları ) tərəfindən hazırlanıb. Fotosərgi martın 24-də yekunlaşıb.
   
   Savalan Fərəcov