Türkiyənin Naxçıvandakı Baş konsulluğunda xanım Nilufər İnaltonqun rəsm əsərlərinin sərgisi açılıb. Bu münasibətlə keçirilən mərasimdə baş konsul Ayhan Enginar qeyd edib ki, gənc yaşlarından özünəməxsus fərdi üslubu ilə gözəl əsərlər yaradan Nilüfər İnaltonq Türkiyənin tanınmış rəssamlarından biridir. Britaniya, Fransa, Rusiya, ABŞ, Kanada və Bolqarıstanda təşkil olunan sərgiləri ona böyük şöhrət gətirib.
   Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli sərgini Azərbaycan-Türkiyə dostluğuna daha bir töhfə kimi səciyyələndirib.
   Mərasimdə çıxış edən rəssam Nilufər İnaltonq yerli sənətsevərlərlə görüşdən məmnunluğunu bildirib.
   Sərgidə 35 əsər nümayiş etdirilir. Rəssamın seçdiyi mövzular müxtəlif olsa da, təbiət mənzərələri üstünlük təşkil edir. Bu əsərlərində insan həyatı və təbiətin vəhdəti rənglərin dili ilə tamaşaçılara çatdırılır.