Hüseyn Əliyevin 100 illik yubileyi münasibətilə sərgi
   
   Aprelin 29-da Mədəniyyət və Turizm Nazirliyi və R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyi münasibətilə sərgi açılacaq. Dövlət İncəsənət Muzeyində açılacaq sərgi çərçivəsində görkəmli rəssamın yaradıcılığına həsr olunmuş “Titrəyən kölgələr, sayrışan işıq” kataloqunun təqdimat mərasimi də keçiriləcək.
   Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin kolleksiyasından, R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyindən, Dövlət Rəsm Qalereyasından və görkəmli fırça ustasının ailəsinə məxsus olan 100-dən artıq əsərin nümayişi nəzərdə tutulub.
   Azərbaycanı qarış-qarış gəzən rəssamın təbiəti tərənnüm edən mənzərə rəsmləri qeyri-adi koloriti ilə diqqəti cəlb edir. Rəssamın “Kəpəz”, “Kürün sahilində”, “Zəngilan dağları”, “Naxçıvanda qış” və s. əsərlərinin hər biri iri planda, portret kimi canlanır.
   Sərgi mayın 8-dək davam edəcək.