Aprelin 29-u dünyada “Beynəlxalq rəqs günü” kimi qeyd olunur. Bu münasibətlə Bakı Xoreoqrafiya Məktəbində tədbir keçirildi. 
      
   Tədbiri Bakı Xoreoqrafiya Məktəbinin direktoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi Neylüfər Kərimova açaraq rəqs sahəsində məktəbin uğurlarından danışdı: ”Rəqs incəsənətin ən gözəl növlərindən biridir. Son beş il ərzində məktəbimizin şagirdləri beynəlxalq rəqs səhnələrində çıxışlar edərək uğurlar qazanırlar. Bu da milli rəqs sənətimizin inkişafından xəbər verir. 10 ildən artıqdır ki, Bakı Xoreoqrafiya Məktəbində Xalq artisti Qəmər Almaszadəyə həsr olunmuş “Gənc xoreoqraflar müsabiqəsi” keçirilir və nəticələr ya buraxılış imtahanı günü, ya da “Beynəlxalq rəqs günü” elan edilir”. Çıxışdan sonra müsabiqənin nəticələri açıqlandı və məktəbin ən aktiv tələbələri “Səhnə görünüşünə görə diplom”, “Üçüncü dərəcəli diplom”, “İkinci dərəcəli diplom”, “Birinci dərəcəli diplom” mükafatları ilə təltif olundular. Həmçinin həvəsləndirmə məqsədilə diplom təqdim olundu.
   Daha sonra tədbir “Beynəlxalq rəqs günü”nə həsr olunmuş konsert proqramı ilə davam etdi. Məktəb tələbələrinin iştirakı ilə keçirilən konsertdə Pyotr Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl” baletindən parçalar, “Qaytağı” rəqsi, “Şərq rəqsi”, “Özbək rəqsi”, “Su və alov” rəqsi və s. kompozisiyalar göstərildi.
   
   Reyhan