Paranormal Activity (“PA”) “Screamfest Horror” Kino Festivalını izləyənlərin dilindən düşməyən bir filmdir. Bir vaxtlar bu filmi izləyənlər özlərini ən şanslı kinomanlar sayırdı. “PA”nın disklərini tapmaq çətin məsələ idi. 15 min dollarlıq ucuz büdcə ilə çəkilmiş film paranormal, qeyri-adi süjet xətti ilə tamaşaçı diqqətini özünə çəkir. Qeyri-adi hadisələr üzərində cərəyan edən film təkcə Amerikada ilk prokatdan 100 milyon dollar qazandı. Dünyanın ən yaxşı dəhşət filmi olmasa da, kino bazarında ağlasığmaz qiymətlərlə rekord vura bildi.  

   Film Katie ilə Micahın həyat hekayəsindən, bu cütlüyün evdəki yaşam tərzinin kameraya qeyd olunmasından ibarətdir. Katie evdə qeyri-adi hadisələrin baş verdiyini, səslər eşitdiyini, ona gözəgörünməz varlıqların toxunmasını və s. bu kimi paranormal hadisələrin şahidi olduğunu sevgilisi Micaha deyir. Ona inanmayan, bunların yalnız bir kabus olduğunu zənn edən Micah evə kamera quraşdırır. Lakin bu andan etibarən filmdə hadisələr tamaşaçının gözləmədiyi şəkildə davam edir.
   Filmin finalı başqa bir məkanda, yazıçı-rejissor olan Oren Pelinin evində davam edir. Filmdə görüntüdən çox səs effektləri daha güclüdür. Evin küncündən gələn qəribə qorxunc tıqqıltılar, ayaq səsləri, xarakterlərin özlərinə məxsus çığırtı səsləri, hətta sükutun özü belə çox gözəl verilib. Film tamaşaçını hadisələrin düyün məqamında intizarda saxlayır və tamaşaçının ən qorxduğu kadrı ən sakit məqamda gözlənilmədən göstərir.
   Ümumiyyətlə, dəhşət filmlərinin ekrandan tamaşaçıya psixoloji təsiretmə gücü var. “Paranormal Activity” filmini izləyəndən sonra dəhşət filmlərindən qorxan tamaşaçılar üçün də çətin psixoloji dövr olacaq.
   Filmdə aktyor oyunu zəif olduğundan adi sevgi münasibətləri belə tamaşaçını həyat həqiqətinə inandıra bilmir. Bir məqamı da vurğulamaq istərdim. Film kinoşünasların, rejissorların tənqid hədəfinə tuş gəlsə də, kino bazarında hələ də gəlir gətirən filmlər arasında ön sıralardadır.
   
   Yeganə