«ELS» Müstəqil Araşdırmalar Mərkəzi bu ilin yanvar ayından başladığı «Vətəndaş cəmiyyəti gələcəyimiz naminə» layihəsini davam etdirir. Mərkəz layihə çərçivəsində Bakı şəhər məktəblərinin ibtidai sinif şagirdlərinin valideynləri arasında sorğu keçirib. 
   
   Mayın 24-də keçirilən «Uşaq yaradıcılıq kollektivlərinin problemləri və perspektivləri” mövzusunda dəyirmi masada sorğunun nəticələri müzakirə olundu.
   Mərkəzin direktoru İradə Yaqubova bildirdi ki, sorğu zamanı incəsənətin uşaqların formalaşmasında rolu müstəsna rol kimi qiymətləndirilib. Lakin valideynlərin yalnız iki faizi övladlarının dərnəklərə getdiklərini deyiblər. Onların bir hissəsi uşağı aparıb-gətirməyə vaxt və imkan olmadığını, böyük hissəsi uşaqların ev tapşırıqlarının hazırlanmasına çox vaxt getdiyini və asudə vaxtın qıtlığını səbəb gətiriblər. Sorğuda iştirak edən digər hissə isə dərnəklər barədə məlumatsız olduqlarını deyiblər. İ.Yaqubova sonuncu məqamın təəssüfedici olduğunu bildirdi.
   Çünki bir yaradıcılıq dərnəkləri barədə hətta internetdə belə məlumatlar olduqca azdır. Mərkəzin direktoru uşaq yaradıcılığının işıqlandırılması və təbliği üçün uşaq televiziya kanalının açılmasının zəruriliyini də vurğuladı.
   Tədbirdə çıxış edən Xalq artisti, bəstəkar Oqtay Zülfüqarov bildirdi ki, bu gün uşaq yaradıcılıq kollektivlərində əsas problem repertuarla bağlıdır. Kollektivlər uşaq repertuarı əvəzinə, daha çox xarici, o cümlədən ərəb mahnılarına üstünlük verirlər.
   Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı da bu fikrə qoşularaq, uşaqların televiziya kanallarında yaşlarına uyğun olmayan mahnılar ifa etdiklərini, uşaq repertuarının yaddan çıxdığını vurğuladı.
   Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mədəniyyət təhsili bölməsinin müdiri, Əməkdar mədəniyyət işçisi Səid Hacıyev belə müzakirələrin əhəmiyyətini vurğuladı: “Yaxşı olardı ki, belə dəyirmi masalar televiziya kanallarında keçirilsin. Bu halda mövzunu, qaldırılan problemləri geniş ictimaiyyətə çatdıra bilərik”.
   Tədbirdə T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı, «Bənövşə» Uşaq Xoru, Ç.Mustafayev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, «Dəcəl qızlar» rəqs ansamblı, «Günay» Uşaq Teatrının nümayəndələri iştirak edirdi.
   
   Gülər