Mayın 25-də Mədəniyyət və Turizm Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin, Azərbaycan Rəssamlar İttifaqının və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Xətai Miniatür Sənəti Qalereyasının təqdimatı və “Yeni məkan” bədii sərgisinin açılışı olub.
   Xalq rəssamı, Xətai Miniatür Sənəti Qalereyasının bədii rəhbəri Arif Hüseynov yeni qalereyada milli ənənələrimizi və dəyərlərimizi yaşadan sənətkarların əsərlərinin toplandığını, ekspozisiyaya 35 rəssamın 80 əsərinin daxil edildiyini bildirib. Qeyd olunub ki, “Yeni məkan” bədii sərgisində təqdim olunan əsərlər əslində çağdaş bədii prosesin bir fraqmentidir.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, sənətşünas Ziyadxan Əliyev və digər çıxış edənlər yeni qalereyanın açılmasını yüksək qiymətləndirib, Azərbaycanda miniatür sənətinin inkişafı və təbliği ilə bağlı fikirlərini bölüşüblər.
   Sərgidə respublikamızın tanınmış fırça və tişə ustaları Arif Hüseynov, Tofiq Ağababayev, Mayis Ağabəyov, Nazim Bəykişiyev, Altay Hacıyev, Xanlar Əhmədov, Rasim Babayev və digər rəssamların müxtəlif əsərləri nümayiş olunub.