Fransanın Kann şəhərində keçirilən dünyanın ən nüfuzlu kinofestivalı mayın 23-də başa çatıb. 63-cü dəfə keçirilən kinofestivalın finalı öncə qısametrajlı filmlərin mükafatlandırılması ilə yadda qalıb. Finlandiyalı rejissor Yuxo Kuosmanenin "Rəsm əsəri satıcıları" filmi birinci mükafata və 15 min avroya layiq görülüb. İkinci mükafatı və 11 min avronu fransız rejissor Vinsentu Kardonun "Dünyadan başqa istənilən yerdə" filmi alıb. Dəyəri 7,5 min avro olan üçüncü mükafatı isə Vatçe Bulquryanın "Beşinci kalon" (ABŞ) və Serbiyadan Dayn Komleynin "Mən artıq istədiyim hər şeyə sahibəm" filmləri bölüşdürüb. Xatırladaq ki, mayın 12-də Ridli Skotun “Robin Hud” filminin müsabiqədənkənar premyerası ilə start götürən festivalın münsiflər heyətinin sədri Tim Burton idi. Ümumilikdə festivalın müsabiqə proqramına Takeşi Kitano, Alexandro Qonzales İnyarritu, Nikita Mixalkov, Apiçatponqa Virasetakula, Matye Amalrik da daxil olmaqla 19 rejissorun filmi daxil edilmişdi.
   Festivalın əsas mükafatı - “Qızıl Palma Budağı” tailandlı rejissor Apiçatponq Virasetakulun “Əvvəki həyatını xatırlayan Bunmi əmi” (Uncle Boonmee who can recall his past lives) flminə təqdim edilib.
   “Ən yaxşı rejissor” mükafatına isə “Səyahət” (On tour) filminə görə Matye Amalrik layiq görülüb.
   Festivalın “Qran Pri”si Xavier Bovuaya “İnsanlar və Tanrılar haqqında” (Of Gods and Men) filminə görə verilib.
   “Ən yaxşı aktyor” mükafatını ispan Xavier Bordem və italyan Elio Ermano paylaşıblar.
   “Ən yaxşı aktrisa” isə Cülyet Binoş olub. Aktrisa Abbas Kiarostaminin filmindəki roluna görə bu mükafata layiq görülüb.
   “Ən yaxşı ssenari” Cənubi Koreya rejissoru Çan Do Linin “Poeziya” (Poetry) filminə verilib.
   “Ən yaxşı rejissor debütünə görə” “Qızıl Kamera” mükafatına meksikalı rejissor Maykl Rou (“Ano Bisiesto” filmi) layiq görülüb.
   “Münsiflər heyətinin xüsusi mükafatı” çadlı rejissor Məhəmməd Saleh Harunun “Çığıran adam” (A screaming man) filminə təqdim edilib.
   
   Nuray