Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmaz şəhərində rəssamların yaradıcılıq emalatxanası təşkil olunub. Nazirliyin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun verdiyi məlumata görə, bölgələrdə təsviri sənətin inkişaf etdirilməsi, gənclərin incəsənətə marağının artırılması məqsədilə keçirilən tədbir bir həftə davam edib. Emalatxanada Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan gənc rəssamlar iştirak ediblər. Açıq hava altında təşkil olunan emalatxanada Bakıdan gələn istedadlı rəssamlar tərəfindən onlara ustad dərsləri və məşğələlər keçirilib, çəkilən əsərlərdən ibarət sərgi təşkil olunub. Yaradıcılıq emalatxanasında hazırlanan əsərlər Xaçmaz Dövlət Rəsm Qalereyasının fonduna verilib.

   Ceyhun