Sumqayıtın 60 yaşı tamam olur. 1949-cu ildə özülü qoyulan şəhərin yubileyi ərəfəsində bir-birindən maraqlı tədbirlər keçirilir.
   O gün 28 May adına Mədəniyyət Evinə toplaşanlar da növbəti tədbirin iştirakçılarıydı. Yaranandan bəri şəninə şeirlər qoşulmuş Sumqayıtı vəsf edən şeir toplusunun təqdimat mərasimiydi. Təkcə yeni kitabın təqdimatıyla görüş bitmirdi. Sumqayıtı vəsf eləyən, onunla bağlı duyğularını nəzmə çəkənlərin nəşrin adıyla üst-üstə düşən «Həzin nəğmələrdə yaşayan şəhər» müsabiqəsinin yekununa həsr olunmuş məclisiydi bu toplantı. Necə deyərlər, bayram bayrama qarışmışdı.
   Əvvəlcə mərhum söz ustaları-Nəbi Xəzri, Əhməd Cəmil, Zeynal Cabbarzadə, Hafiz Baxış, Vaqif İbrahim və bu gün Sumqayıtda yaşayan qırx şairin şeirlərindən ibarət almanaxın tərtibçisi İbrahim İlyaslı çıxış edərək, araya-ərsəyə gətirilən kitabla bağlı məqamlardan danışdı. Sonra bir ağsaqqal qələm adamı kimi şair Əvəz Mahmud Lələdağ ürək sözlərini bölüşdü. Qiraətçilərin ifasında kitabda yer almış şeirlər səsləndi. Daha sonra filologiya elmləri doktoru Adilxan Bayramovun rəhbərlik etdiyi münsiflər heyətinin süzgəcindən keçən, müsabiqənin həvəsləndirici və mükafata layiq yerlər tutmuş şeirlərin müəlliflərinin adı açıqlandı. Həyəcanlı dəqiqələrin sonunda ı, ıı və ııı yerlərin qalibləri məlum oldu. Ardıcıllıq üzrə şairlər - İbrahim İlyaslı, Sabir Sarvan və Aygün Yaşar səhnəyə dəvət olundular. Hər üç yerin sahibi və həvəsləndirici mükafata layiq görülənlərə diplom və pul hədiyyələri verildi. Görüşün sonunda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev yekun nitqi söylədi. O, belə tədbirlərin davam etdiriləcəyini bildirərək, bu işdə zəhməti keçənlərə və toplaşanlara minnətdarlığını çatdırdı, kitabda şeiri işıq üzü görənləri və müsabiqənin qaliblərini təbrik etdi.
   
   «Sumqayıta həsr olunmuş ən yaxşı şeir» müsabiqəsinin qalibləri
   
   İbrahim İlyaslı
   
   Birinci yer
   
   Ağ günlər eşqiylə yaranan şəhər
 
  
   (Sumqayıt şəhərinin 60 illik yubileyinə həsr olunur)
   
   Böyük arzusuydun böyük millətin,
   Böyük talelərin şəhəri oldun.
   Xəzərin qoynunda Azərbaycanın
   Üzünə açılan səhəri oldun.
   
   Həyatın özünə verdik imtahan,
   Adınla gecəni gündüzə qatdıq.
   Alın tərimizlə yoğruldu mayan,
   Səni qarış-qarış qurub-yaratdıq.
   
   Yaşıl bağlar saldıq, ağ məhəllələr,
   Zülmət gecələri çırağban etdik.
   Gündüz fəhlən olduq, axşam tələbən,
   Halal haqqın ilə murada yetdik.
   
   Doğma ağuşunda sevdik, sevildik,
   Sevgilər yaşadıq sulardan təmiz.
   Qubalı, Qazaxlı, Qəbələliydik,
   Sumqayıtlı oldu körpələrimiz.   

   Ürəkdən, könüldən bağlandıq sənə,
   Döndün qəlbimizdə sevgili yurda.
   İgidlik görküdü, «Can Vətən!» - deyib,
   Şəhid düşənlərin məzarı burda.
   
   Qan-qada da gördük, qələbəlik də,
   Şanlı tarixini yazdıq kitaba.
   Bağçada şəninə şeirlər deyən
   Qızlar nənə oldu, oğlanlar baba.
   
   Ağ günlər gözləyir səni qarşıda,
   Ağ günlər eşqiylə yaranan şəhər.
   Bu dünya durduqca yaşa, sən yaşa,
   Ey başdan-ayağa gülüstan şəhər!

   

   Sabir Sarvan
   
   İkinci yer
   
   ALTMIŞINDA GƏLİN KİMİ
   
   Sumqayıt! Milyon il yaşa,
   Ay ömrü mənalı şəhər.
   Yaranandan tikib-quran,
   Bənnalı-binalı, şəhər.
   
   Ocaq səndən, isti səndən,
   Uduzdu kim, küsdü səndən.
   Hərdən zavod tüstüsündən,
   Göyləri «cunalı», şəhər.
   
   Qucağına cəm elədin,
   Dərd-sərini kəm elədin,
   Çox yetimi sən elədin,
   Atalı - analı, şəhər.
   
   Sirdaşlığa Xəzərin var.
   Üstümüzdə nəzərin var.
   Bir az kəndə bənzərin var,
   Quzulu - danalı, şəhər.
   
   Bakının əli yaxanda,
   Xızı dağları arxanda,
   Günəş dənizdən qalxanda,
   Qulağı tanalı, şəhər.
   
   Açılırıq gülün kimi,
   Dolanırıq dəlin kimi,
   Altmışında gəlin kimi,
   Əlləri xınalı, şəhər.

   

   Aygün Yaşar   

   Üçüncü yer
   
   SUMQAYITIM
   
   Sumqayıtım, eşitmişəm əzəl gündən
   Pənah yeri olmaq vardır taleyində.
   Ağ günlərə gedən yollar keçib səndən,
   Neçə-neçə ümidsiz əl ətəyində.    

   Bir gün mənim ürəyim də yaralandı,
   Vətən dağlı həsrət ilə paralandı,
   Bahar donlu gülzarıma qar ələndi,
   Bax, o zaman səni gördüm köməyimdə.
   
   Şuşa, Laçın, Zəngilandan, Qubadlıdan,
   Cəbrayıllı neçə qəlbi qubarlıdan,
   Az da olsa qəmi aldın, bir nurlu dan,
   Nurlu sabah vermək oldu diləyin də.
   
   Qarabağlı köçkünlərin nəfəsiylə,
   Qarabağın havası da hopdu sənə.
   Bəlkə, bunçün könlüm quşu qondu sənə,
   Axı sənsən, dayağım da, dirəyim də.
   
   Çünki sizdə - şəhərimi qucan sular,
   Həkəridən, Bərgüşaddan bir qətrə var.
   Sanki ordan qüvvət alır bu dalğalar,
   Gərdişini Xəzər pozur fələyin də.
   
   Yolsuzlara yollar açan, Sumqayıtım!
   Zülmətlərə işıq saçan, Sumqayıtım!
   Qarabağa dönsəm haçan, Sumqayıtım,
   Sevgin mənlə gedəcəkdir ürəyimdə!