Masallı rayonunun “Halay” folklor ansamblı Macarıstanda keçirilən beynəlxalq festivalda ölkəmizi təmsil edəcək. Bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
   
   Avqustun 12-dən 22-dək Macarıstanın Sazhalombatta şəhərində ənənəvi beynəlxalq folklor festivalı keçiriləcək. Festivalda 20-dən çox ölkənin folklor kollektivləri iştirak edəcək. Azərbaycan ansamblının ilk çıxışı avqustun 13-də, festivalın açılış mərasimində olacaq. "Halay" festival günlərində Sazhalombatta şəhəri ilə yanaşı, Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış edəcək. Müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansambllarının qatıldığı bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.
   Qeyd edək ki, “Halay” folklor kollektivinin repertuarına əsasən qədim Azərbaycan rəqsləri və nəğmələri daxildir. Müxtəlif illərdə Azərbaycanı 30-a yaxın ölkədə təmsil etmiş kollektiv üzvləri beynəlxalq festival və müsabiqələrdə medallar, diplomlar və qiymətli hədiyyələrə layiq görülüb.