Tarixin səhifələrində saysız inqilabların izi var. Amma bir inqilabi hərəkat var ki, indiyə qədər öz gücü, nəticələri ilə kabus təki xatırlanır. Bu inqilab isə bir vaxtlar bizim ölkədə də təntənə ilə qeyd edilər və (7 noyabr) Böyük Oktyabr sosialist inqilabı adlandırılırdı. Dünya isə bu inqilabı, sadəcə, noyabr inqilabı adıyla qəbul edib. Əslində Rusiyada baş verən bu inqilabın rüşeymlərini 19-cu əsrin sonlarında yüksəlişə başlayan inqilab əhval- ruhiyyəli ədəbiyyat hazırlayırdı desək, yanılmarıq. Rus ədəbiyyatı imperiya hüdudlarında mütərəqqi ideyaları təbliğ etməklə, əslində ölkədə dəyişikliklər istəyən müxtəlif təbəqələrə istiqamət vermiş olurdu. Baxmayaraq ki, inqilabdan əvvəl futurizm, akmeizim kimi ədəbi cərəyanlar estetik baxımından xüsusi çəkiyə malik idi, baş verən inqilab ədəbiyyata yeni bir rakursdan baxılıb, konsepsiyadan yanaşılmasını, belə demək olarsa, tələb etdi. “Mədəniyyət sinfi düşüncənin məhsulu olmalıdır” fikri hakim devizə çevrilirdi ki, bu da nəticədə ədəbiyyatın ideologiyaya xidmət etməsi səviyyəsinə salınması kimi qəbul edilməlidir. Beləliklə, proletar mədəniyyəti anlayışı meydana daxil oldu. İnqilabdan 10-15 il sonra aparılacaq kütləvi repressiyalarda H. Cavid, M.Müşfiq kimi şairlərimizin məhv edilməsinin də kökündə bu proletar mədəniyyətinin bərqərar edilməsi dururdu. Onlara konkret olaraq “fəhlə sinfini, sosializmin yüksəlişini görməməzliyə vurmaq” kimi ittihamlar irəli sürülürdü. Eyni proses, sinfi çərçivəyə sığmayan, zərərli təsirləri ədəbiyyata gətirən yazıçıların məhvi bütün SSRİ boyunca aparılmışdı. Repressiyalardan sonrakı mərhələdə isə çərçivəyə sığmayanları ölüm gözləməsə də, Brodski, Pasternak, Soljenitsin kimilərə incidilmə və sürgün aqibəti qaçılmaz idi. İnqilab əsrinin 70-ci illərində isə “sosialist realizmi” deyilən ədəbi cərəyanla paralel mövzu və üslub müxtəlifliyi olan əsərlərin də görünməsinə işıq yandırıldı. Məsələn, həmin illərdə poeziyamızda R.Rövşən ədəbi nəslinin gəlişi məhz bu vaxtlara təsadüf edir. Bu, ümumiyyətlə həmin ərəfədə rejimin yumşalmasıyla bağlı idisə, digər tərəfdən sosrealizm üslubunda yazılan əsərlərin sünilik baxımından oxunmamasından irəli gəlirdi. Nümunə gətirdiyimiz R.Rövşənin kütləvi oxucu sevgisi qazanmasının bəlkə də ən başlıca səbəbi bunda idi. Onun şeirləri kolxozdan deyil, canlı insandan bəhs edən, estetik yönümlü əsərlər idi.
   Ostrovskinin “Polad necə bərkidi”, Şoloxovun “Sakit Don”, Qorkinin “Ana” əsərləri kimi əslində bu gün də oxuna bilən romantik inqilabi ədəbiyyat nümunələri Stalin haqqında qorxu və pərəstiş dolu poemalarla, daha sonra həqiqətpərəst kolxoz sədrlərinin, birinci katiblərin əmək mübarizəsi haqqında romanlarla estafetləndikcə sosrealizm ədəbiyyatı yaşam haqqını da itirdi. Sosializm düşərgəsinin sosrealizm absurdu sonda kitab rəflərindən də atılacaq qalaq-qalaq əsərlər qoydu. Baxmayaraq ki, Qorki, Şoloxov bu gün də oxunur. Onlar inqilabdan əvvəl də ədəbiyyatda idilər. Rusiyada futurizmin nümayəndəsi Mayakovski, akmeizimi qəbul etmiş Axmatova və Mandelştam, ənənəvi şeirdə Yesenin yetərli çəkiyə malik idi. Elə sonralar inqilabi mədəniyyətin adları sayılacaq Furmanov, Pasternak, Fadeyev də imza olaraq mövcud idilər. İnqilabın alovlu təbliğatçısı Maksim Qorki rus ədəbiyyatında öz yerini bu gün də qoruyan yazıçılardandır. Təhsili olmayan Qorki öz istedadı sayəsində sayılan əsərlər yazmaqla bərabər, həm də inqilabi təbliğatçı kimi fəaliyyət göstərirdi. «1 may marşı»nın sözləri də ona məxsusdur. O, inqilabi hərəkatın yaranmasında öz əsərləri ilə böyük rol oynamışdır. “Ana”, “Mənim universitetlərim”, “Kiçik burjuylar”, “Uşaqlıq” əsərləri aşağı təbəqənin səfalətli yaşamını real surətdə göstərir. Leninlə şəxsi tanışlığı olan Qorki inqilabdan, daha doğrusu, Leninin ölümündən sonra müəyyən sıxıntılara məruz qalır. Bu isə onun səhhətinə ölümünü sürətləndirəcək qədər təsir edir.
   Vladimir Mayakovskinin “Mən sovet vətəndaşıyam” hayqırtılı şeirini xatırlatmağa ehtiyac yoxdur. O, inqilabı coşquyla qarşılamış, hətta mənsub olduğu ədəbi cərəyanı kommunist futuristlər adlandırmışdı. Lenin onun haqqında deyirdi ki, şeirlərindən heç nə anlamıram, amma siyasi baxışları yetərlidir. Lakin tezliklə onun şeirləri proletar mədəniyyətinə yad olaraq qəbul edilir. Nəhayət, 1930-cu ildə Mayakovski intihar edir.
   Sosrealizmi öyən çoxlu əsərlər müəllifi A.Fadayev SSRİ Yazıçılar Birliyinin sədri olur. Lakin Stalinin ölümündən sonra intihar edir. Deyilənlərə görə o, repressiya illərində bir çox əks-inqilabçı yazıçıların ifşa edilməsində iştirak etmişdi.
   Sonradan isə bir daha “Polad necə bərkidi” yazılmadı. Proletar ədəbiyyatı dünyaya səs salacaq və özünün yetişdirdiyi bir imza sahibini belə ortaya çıxara bilmədi. Əvəzində isə Soljenitsının sovet adamının sürgün həyatından bəhs edən “Qulaq arxipelaqı” gizli ədəbiyyata çevrilir, yayılır. Görünür, ədəbiyyatı çərçivə və ideologiyalarda yaratmaq mümkün deyil. Ədəbiyyat özü ideologiyalar yaradır. Bütün bunlara baxmayaraq adlarını çəkdiklərim və çəkmədiklərim hər halda ədəbiyyat tarixinin səhifələrinə düşüblər. Onları ən azı 7 noyabrda xatırlatmağa dəyər. Azərbaycan ədəbiyyatından çoxlu proletar yazıçı və şair imzası gəlib keçdi. Qalan?.. Ədəbiyyatın hədəfi insandır, onun sinfiliyi yox. Qalan məhz insanı anlayan və anladan ədəbiyyatdır.
   
   Sabutay