Xəbər verildiyi kimi, “ÜNS Yaradıcılıq Səhnəsi”ndə müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı”nın təntənəli açılış mərasimi keçirilib.
   Fevralın 25-dən etibarən sənətsevərlər “ÜNS” Teatrında layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillərlə yaxından tanış olmağa başlayıblar. Martın 1-dək hər kəs burada unudulmaz təsir bağışlayan əsərləri seyr edə biləcək.
   “012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar öz əsərlərində Bakıda bir sıra tarixi keçmişi olan yerləri əks etdiriblər. Layihə martın 9-dan (ilk sənət işinin təqdimi) başlayaraq 21 həftə davam edəcək.