Xəbər verdiyimiz kimi, bu il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda II Respublika Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək. Noyabr aynda yekunlaşacaq festival çərçivəsində keçiriləcək tədbirlərin qrafiki hazırlanıb, təşkilat komitəsi və işçi qrupu yaradılıb.
   
   Qeydiyyat prosesi martda yekunlaşacaq
   
   Festivalın işçi qrupunun rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov bildirdi ki, festivalda iştirak etmək arzusunda olan dekorativ-tətbiqi sənət ustalarının qeydə alınması prosesi başlanıb. Dörd mərhələdə keçiriləcək festivalın ilk (qeydiyyat) mərhələsinə martın əvvəlində yekun vurulacaq. Festivalda yaşı 17-dən yuxarı olan dekorativ-tətbiqi sənət ustaları iştirak edə bilərlər. Festival çərçivəsində keçiriləcək sərgilərin regional mərkəzlər, rayonlar və şəhərlər üzrə bölgüsü də məlumdur.
   Festivala təqdim olunan dekorativ-tətbiqi sənət əsərləri xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma) növlərinə ayrılır.  

   Festival xalq sənətkarlığı ənənələrinin yaşadılmasına xidmət edir
   
   Festivalın qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, habelə istedadlı gənclərin tanıdılması məqsədi daşıdığını deyən sektor müdiri bu istiqamətdə bir sıra tədbirlərin keçiriləcəyini qeyd etdi: “2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən I Respublika Dekorativ-Tətbiqi Sənət Festivalında bütün şəhər və rayonlarımızı təmsil edən xalq sənətkarları və dekorativ-tətbiqi sənət ustaları iştirak etdilər. İlk festivalı keçirəndə bölgələrdə yaşayıb-yaradan sənətkarlarla bağlı məlumatlar az idi. Festival bizə imkan verdi ki, bölgələrdə bu istiqamətdə sistemli iş aparaq. Həmin tədbir xalq sənətkarlığı nümunələrinin nümayişi və təbliği işinə, xalq bədii sənətkarlığı ənənələrinin yaşadılması və yaradıcılıqla davam etdirilməsinə güclü stimul oldu. Yaradıcı insanlarla əlaqələr genişləndi, onların yaradıcılığı geniş ictimaiyyətə çatdırıldı. Onların bir çoxunu müxtəlif tədbirlərə dəvət etmişik. Novruz şənliklərində də onların əl işləri nümayiş olunub. İnanıram ki, II Respublika Dekorativ-Tətbiqi Sənət Festivalı da ölkəmizin mədəni həyatında maraqlı hadisə kimi yadda qalacaq”.
   
   Yekun sərgidən seçilmiş əsərlərdən ibarət kataloq hazırlanacaq

   
   Festivalın ikinci mərhələsi aprel ayında başlanacaq. Bu mərhələdə Gəncə, Naxçıvan, Lənkəran, Şəki və Xaçmaz şəhərlərində ölkənin bütün bölgələrini əhatə edən regional sərgilər keçiriləcək. İyun və iyul aylarında regional mərkəzlərdə keçirilmiş sərgilərdən növbəti mərhələdə nümayiş etdirilmək üçün əsərlər seçiləcək və müvafiq siyahıları hazırlanacaq. Yekun sərgi isə noyabrda Bakıda açılacaq. Burada qaliblərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom və mükafatlar təqdim olunacaq.
   Seçilmiş əsərlərdən ibarət kataloq da hazırlanacaq. Kataloqların xaricdəki səfirliklərimizə, turizm, diaspor təşkilatlarına, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərinə göndərilməsi nəzərdə tutulur.
   
   Ceyhun Zərbəliyev