Rəşad Ələkbərov: “Yaradıcılıqda ən əsası mənəvi rahatlıqdır”
   
   Sənətin haradan başlayıb harada bitməsi heç kimə məlum deyil. Hansı tərəfdən yanaşsan, o, istənilən halda özünəməxsus bir dünyadır ki, öz sirləri, qanunları, əbədiyyəti, yaşamı var. Müsahibim də sənətin özünəməxsusluğundan danışdı.
   
   Rəssam Rəşad Ələkbərov 1979-cu ildə Bakıda anadan olub. Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Rəssamlığa isə lap uşaqlıqdan başlayıb.
   “Yadıma gəlir, uşaq ikən evimizin divarlarında rəsmlər çəkirdim. Bu rəsmlərim evimizin divarlarında uzun illər qaldı. Atam mənə şərait yaradırdı. Uşağın inkişafında valideyndən çox şey asılıdır” - deyən Rəşadın bugünkü işləri orijinallığı ilə seçilir. Rəssam işıq-kölgə prinsipi ilə işləyərək şüşə, qab-qaşıq, digər əşyalarla maraqlı kompozisiyalar yaradır.
   - Rəsmlər necə yaranır, yəni ideya nədən doğur? Bu rəsmlərdə önəmli olan nədir?
   - İdeya qəfil yaranır. Bunu izah etmək çətindir. Birdən ideya gəlir və əsər yaranır. Önəmli olan isə hər şeydir. Yaradıcılıqdır. Bu prosesin özüdür. Orada qoyulan ideyadır. O ideyanı yaradan səbəblərdir. İnsandır, faktdır.
   - Necə oldu ki, işıq-kölgə ilə rəsmlər meydana gəldi?
    - Təxminən 10-12 ildir ki, bu üsulla rəsmlər yaradıram. Bunun yaranması təsadüfən oldu. Deməzdim ki, oturdum düşündüm və alındı. Düşünmədən, plan qurmadan. Sonra sərgilərə çıxdım. İlk dəfə 2000-ci ildə Bakıda sərgidə iştirak etdim. Daha sonra İsveçrə, Fransa, İtaliya və s. ölkələrdə sərgilərə qatıldım. Bu tədbirlərdə iştirakın yaradıcılığa müsbət təsiri var.
   - Sizin rəsmləri alıb evdən asmaq mümkün deyil. Yəni işləriniz ancaq muzeydə sərgilənə bilir. Bu, rəssamı narahat etmir ki?
   - Bu vaxta qədər bir işimi satmışam. İtaliyanın Venesiya şəhərində. Həmin insan bu iş üçün evində bir guşə ayırmışdı və mən onun evinə gedib rəsmi qurdum. “Şəhərlər” adlı həmin rəsmə bir tərəfdən işıq düşəndə Şərq şəhəri, digər tərəfdən işıq düşəndə Qərb şəhəri yaranır. İşlərimin satılma ehtimalının az olması isə məni bir o qədər narahat etmir. Bu mənim sevdiyim işdir. Yaradıcılıqda ən əsası mənəvi rahatlıqdır. Son bir ildə təkliflər almışam. Kompozisiyalarım böyük şirkətlərdə, hotellərdə, foye və qalereyalarda quraşdırıla bilər. Düzdür, şəxsi evlərdə quraşdırmaq, saxlamaq bir qədər çətinliklər yaradır, lakin irimiqyaslı məkanlarda bu mümkündür.
   - Rəssamlıqdan başqa nə ilə məşğul olursunuz?
   - Qazanc mənbəyi kimi dizayn işi ilə məşğulam. Bu da rəssamlığa yaxın sənətdir. Yaratmaqdır, zövq tələb edən işdir.
   - Sizcə, sənəti öyrətmək olar?
   - Rəsm çəkməyi, ustalıqla fırça-qələmdən istifadəni qısa zamanda öyrənmək olar. Əsas məsələ düşünə bilmək, analiz etmə bacarığıdır. Sözsüz ki, hər işdə olduğu kimi, burada da təcrübənin rolu böyükdür. Rəssamlığa istiqamət vermək olar, lakin öyrətmək çətin məsələdir.
   - Rəsmlərinizdə Bakı təsviri də yer alır. Sizcə, məkan yaradıcı insanın ilham qaynağı kimi nə dərəcədə önəm daşıyır?
   - Mənim üçün önəmli olan məkandan daha ziyadə ünsiyyətdir. İnsanlarla ünsiyyətdən, informasiya mübadiləsindən meydana bir iş çıxır. İlham mənbəyi insanın gündəlik həyatıdır. Ətraf mühitdir, bu an baş verəndir. Harada bu proses varsa, həmin məkan da yaradıcılıq yeridir.
   - Kimlərdən dərs almısınız? Hansı məşhur rəssamları özünüzə müəllim hesab edirsiniz?
   - Ta qədimdən bu günə qədər dünyada dahi rəssamlar olub və təbii ki, onların yaradıcılığından çox şey öyrənmək olar. Azərbaycanda da Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Böyükağa Mirzəzadə və digərlərinin adını çəkə bilərəm. Hər kəsdən nəsə götürmək, öyrənmək olur.
   - Sizdən sonra gələn gənc rəssamlara istiqamət verirsiniz?
   - Təbii ki, sərgilərdə, tədbirlərdə mənə yaxınlaşanda, soruşanda onlara zaman ayırıram, maraqlandıran məqamları bölüşürəm. İstiqamət verirəm. Çünki gənclər arasında çox istedadlı uşaqlar var. İnsan yeni potensialı gördükdə özündə də stimul artır. Bu həmçinin bir borcdur. Sənə öyrədiblər və sən də özündən sonra gələnlərə öyrədirsən.
   - Yəqin qarşıda yeni sərgilər, layihələr var...
   - May ayında Müasir İncəsənət Mərkəzində sərgi keçiriləcək. Həmin sərgidə fərqli bir işlə - heykəllə iştirak edəcəyəm. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Bakıya uşuş” (“Fly to Baku”) silsilə sərgilərində “Bakı buxtası” işimlə iştirak edirəm. Sərgi artıq Londonda və Parisdə təqdim olunub. Berlin, Nyu-York və s. şəhərlərdə keçirilməsi də nəzərdə tutulur. Düşünürəm ki, bu il maraqlı layihə və tədbirlərlə yadda qalacaq.
   
   Söhbətləşdi: Reyhan İsayeva