Vüqar Vaqifoğlu
   İsmayıllı rayonu, Qubaxəlilli kəndi
  
 
   

 

   Oxu, çatdır sona məni
   
   Yaxşı gündə yad da yaxın,
   Yaman gündə sına məni.
   Necə olsa, dosta sığın,
   Darda qalsan, qına məni.
   
   Sən sualsan, cavabınam,
   Ayın, ilin-hesabınam.
   Oxunmamış kitabınam,
   Oxu, çatdır sona məni.
   
   Mən bir dağam, sənsə duman,
   Mən ümidəm, sənsə güman,
   Tək Tanrıdan sevgi uman,
   Qoyma qəlbim sına mənim.
   
   Çox sınadıq bəxtimizi,
   Tale ayrı saldı bizi.
   Gözləmək də, sözün düzü,
   Gətiribdi cana məni.
   
   Bir ocaqsan, mən közünəm,
   Bir dodaqsan, mən sözünəm.
   Təpə-dırnaq mən dözüməm,
   Gəl, tay tutma ona məni.
   
   Biz bir idik, yüz olmuşuq,
   Dilə düşüb söz olmuşuq.
   Gündüz nəyə gərək işıq,
   Qoyma yana-yana məni.
   
   Çəkilən mən, çəkən də sən,
   Tikilən mən, tikən də sən.
   Sökülən mən, sökən də sən,
   Salma dondan-dona məni.
   
   Vüqar dənmi, döyülsünmü,
   Hər daş altda üyülsünmü.
   Dəyirmançı deyiləm ki,
   Zaman salıb una məni.
   
   Açılmamış dan üzüyəm
   
   Verdiyin söz, vədə hanı,
   Şirin dillər itirmişəm.
   Dillənəndi könül sazım,
   İnci teldən, incimişəm.
   
   Bu dağların sazı olan,
   Çoxu olan, azı olan,
   Düzənlikdə quzu olan,
   Dağda seldən incimişəm.
   
   Açılmamış dan üzüyəm,
   Gecəsiyəm, gündüzüyəm.
   Halal əldə tərəziyəm,
   Haram əldən incimişəm.
   
   Ömrümüzə vurdu naxış,
   Bir üzü gün, biri yağış.
   Ovundurmaz nə yaz, nə qış,
   Aydan-ildən incimişəm.
   
   Səbrimizi basa-basa,
   Əlimizə aldıq əsa.
   Özü uzun, boyu qısa,
   Acı dildən incimişəm.
   
   O yolları duman almış,
   Gedən getmiş, qalan qalmış.
   Sonasını perik salmış,
   Ayna göldən incimişəm.
   

   Yaram gözün açdı həsrət
   

   Fikrim qanad aldı yeldən,
   Uçub xəbər tutsun eldən.
   Xumar gözdən, şirin dildən,
   Duyğularım çaşdı, neynim?!
   
   Gözlərimə çökdü zülmət,
   Bağrıma od bükdü qurbət.
   Yaram gözün açdı həsrət,
   Bəxtim çürük, puçdu, neynim?!
   
   Demə, ömür ötər çəndə,
   Doğmalar uzaq düşəndə.
   İtirmişəm məni, məndə,
   Gəzən harda… çaşdı, neynim?!
   
   Vaqifoğlu, dağlıyam mən,
   Bir yaz, bahar çağlıyam mən,
   El-obama bağlıyam mən,
   Ruhum yenə coşdu, neynim?!