İyulun 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Molla Nəsrəddin”-Azərbaycan” V Beynəlxalq karikatura müsabiqəsinin sərgisi və mükafatların təqdim edilməsi mərasimi keçirilib.
   
   Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi müsabiqə bu il “Kirpi” satirik jurnalının nəşrə başlamasının 60 illiyinə həsr olunub.
   Mərasimi Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq “Molla Nəsrəddin” ənənələrini özündə yaşadan “Kirpi” satirik jurnalının Azərbaycan karikatura sənətinin inkişafında önəmli yer tutduğunu vurğulayıb.
   Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi idarə heyətinin sədri Bayram Hacızadə bildirib ki, “Molla Nəsrəddin” Beynəlxalq karikatura müsabiqəsi bu il “Mətbuatın əhəmiyyəti” şüarı altında davam edib və müsabiqəyə 57 ölkədən 306 karikaturaçı rəssam qatılıb. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən, müsabiqənin qalibi adına və qızıl medalına Aşkın Ayrançıoğlu (Türkiyə), gümüş medalına Anon Anindito (İndoneziya), bürünc medalına Babik Sava (Serbiya), xüsusi mükafatlara isə Helmut Jakek (Almaniya), Yuri Manayev (Rusiya) layiq görülüblər. Azərbaycanlı karikaturaçı rəssam Bayram Qasımxanlıya Rəssamlar İttifaqının xüsusi mükafatı təqdim olunub.