Hazırda dünyanın bir çox ölkələrində nümayiş olunan filmlərin ilk beşliyinə rejissoru və ssenari müəllifi Ceyms Kameron olan «Avatar» filmi başçılıq edir. Fantastika və macəra dolu film hələ 2009-cu ildə ekranlara çıxaraq dünya ölkələrindəki premyeraları ilə indiyədək 2,8 milyard dollaradək gəlir gətirib. Tamaşaçıların böyük rəğbətini qazanan film reytinqlərdə 9,5 faiz səs toplayaraq digər filmləri qabaqlayır. Qeyd edək ki, filmdə baş qəhrəman Cek Sallinin nadir bir mineralı əldə etmək üçün uzaq bir planetə (Pandora) göndərilməsindən və burada başına gələn maraqlı hadisələrdən bəhs olunur.
   İkinci yerdə Kann kinofestivalında 8,4 faiz səs toplayan «Robin Qud» filmidir. Filmdə Şervud meşəsinin xeyirxah və qorxmaz cəngavəri Robin Quddan bəhs olunur. Rejissoru Ridli Skott, ssenari müəllifləri Etan Reyf, Sayruf Varis və Brayan Xeleqlend olan film bu il 270 milyon dollar gəlir gətirib.
   Üçüncü yerdə isə reytinqlərdə 8,3 faiz toplayan «İran şahzadəsi» filmidir. Bu il ekranlara çıxan və rejissoru Mark Nyuell olan filmdə orta əsrlərdə İranda hakimiyyətə gələn və bütün dünyaya ağalıq etməyə çalışan qəddar hökmdarla mübarizə aparan şahzadə və onun xanımından bəhs olunur. Film indiədək 218 milyon dollar gəlir gətirib.
   Siyahıda dördüncü yeri məşhur rejissor Martin Skorsezenin çəkdiyi «Lənətlənmişlər adası» filmi tutur. Tanınmış Hollivud ulduzu Leonardo di Kaprionun rol aldığı filmdə hadisələr 1950-ci illərdə cərəyan edir. Aktyor filmdə ABŞ marşalı obrazını canlandıraraq adam öldürməkdə təqsirləndirilən bir qadının psixiatriya klinikasından necə yoxa çıxmasını araşdırır. Triller-detektiv janrında olan film də reytinqlərdə 8,3 faiz səs toplayıb, əldə etdiyi gəlirin miqdarı isə 295 milyon dollardır.
   Siyahıda sonuncu yeri isə 2010-cu ildə ekranlara çıxan və rejissoru Con Favro olan “Dəmir adam” filmi tutur. Fantastika-macəra dolu filmdə Amerika xalqı və hökumətinin baş qəhrəmanı Toni Starkanın dəmir adama necə çevrilməsi sirlərindən bəhs olunur. Reytinqlərdə 8,3 faiz səs toplayan filmin topladığı gəlirin miqdarı isə 580 milyon dollardır.
   
   Vəfa Zeynalova