-Gənc Ədiblər Məktəbinin bir qrup üzvü Odlar Yurdu Universitetində tələbələrlə görüşüblər. Qismət, Anar Amin, Tapdıq Türksoy, Elvin Bakiroğlu, Əli Əlioğlu və b. tələbələrə ən yeni şeirlərini təqdim ediblər. Şeir gecəsi musiqi nömrələri ilə müşayiət olunub.
      
   -Yenicə təsis olunmuş Milli Kitab Mükafatının təsisçisi və münsiflər heyəti ali məktəblərdə kitab təbliğatı ilə bağlı görüşlərə başlayıblar. Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti ilə başlanan təbliğat kampaniyası Xəzər və Xarici Dillər Universitetlərində davam etdirilib.
   
   -Orxan Fikrətoğlunun “Vaxt” kitabı ictimai müzakirəyə verilib. “Divani-Hikmət” Evində baş tutan müzakirədə kitabla bərabər yazıçının jurnalist, kinossenarist kimi fəaliyyəti söhbət mövzusuna çevrilib. Tanınmış ziyalılarımızın da iştirak etdiyi tədbirdə O. Fikrətoğlu da çıxış edərək, kitabının əhatəli təhlilindən məmnunluğunu bildirib. Xatırladaq ki, müzakirə olunan kitabda yazıçının aktual mövzulardan ibarət hekayələri toplanıb.
   
   -Nobel mükafatçısı Orxan Pamuk ABŞ-ın Mayami ştatında keçirilən 26-ci Beynəlxalq Kitab festivalında böyük maraq dairəsinə düşüb. Minlərlə oxucunun əhatəsinə alınan yazıçı xahişləri nəzərə alaraq “Məsumiyyət Muzeyi” romanından parçaları onlar üçün oxuyub. Yerli “Miami Herald” qəzeti isə hadisəni bu cür şərh edib.
   «Yazıçı Hollivud ulduzlarından da, kinossenaristlərindən də daha artıq auditoriya marağına düşdü”
   
   -“MBM” nəşriyyatı İran tarixi ilə maraqlananlar üçün «İran hökmdarları” kitabını çap edib. Burada son minilliklərdə İranda hökmdarlıq edən onlarla şah haqqında çox zəngin məlumatlar verilir. Bu hökmdarların bir hissəsi ilə müasir Azərbaycan oxucusu ilk dəfədir tanış olur. Müəllif Asif Hüseynlidir.
   
   -Ədəbiyyatsevərlər yaxın günlərdə yeni bir dərgi ilə görüşəcəklər. Ədəbiyyat və düşüncə tribunası kimi nəzərdə tutulan “Çinar” adlı dərginin baş redaktoru, şair Elxan Zal fərqli və zövqlü bir nəşr ortaya qoyacaqlarını bildirib. Dərginin redaksiya heyətinə tanınmış ziyalı və yazarlarımız daxil edilib.
   
   -Bu həftə yazıçı Afaq Məsud Rusiyadan gələn xüsusi qonağını qəbul edəcək. Tərcüməçi Lyudmila Larionova Afaq xanımın əsərlərinin Rusiyada çapı ilə əlaqədar Bakıya təşrif gətirir. Azərbaycan yazıçısının yeni kitabı Moskvada rus dilində çap edilib yayılacaq.
   
   - Den Braunun “Gizli simvollar” adlı yeni əsəri ciddi səs-küy doğurub. Əsərdə Vaşinqton şəhərinin tikililərində mövcud olan gizli və mistik simvollardan söhbət açılır. Əsərin həftə ərzində rekord satışını nəzərə alan bir hotel turistlər üçün kitabda təsvir edilən tikililərə səyahət paketi hazırlayıb. Bu məqsədlə hətta xüsusi «Limuzin» markalı avtomobil də ayrılıb. ABŞ-n məşhur qəzetlərindən biri isə “bu əsərdən sonra vaşinqtonlular öz şəhərlərini kəşf etdilər” manşet yazısı ilə çıxış edib.