Sentyabrın 24-də Xətai Sənət Mərkəzinin Miniatür Sənəti Qalereyasında ölkəmizdə fəaliyyət göstərən TİSA beynəlxalq məktəbinin (The İnternational School of Azerbaijan) şagirdlərinin rəsmlərindən ibarət sərginin açılışı keçirildi.
   
   Açılışda çıxış edən Xətai Sənət Mərkəzinin bədii rəhbəri, Xalq rəssamı Arif Hüseynov sərginin yeni mövsümdə ilk tədbir olduğunu bildirdi: “İlk dəfədir ki, belə sərgi təşkil olunur. 4 yaşından 17 yaşına qədər uşaqların rəsmlərində onların özünəməxsus fikirləri, dünyagörüşünün əksini görə bilərik. Əcnəbi uşaqların burada oxuması o deməkdir ki, onlar ölkələrinə döndükdə bizim mədəniyyətdən bir parça özləri ilə aparacaqlar”.
   Açılışda musiqi nömrəsi səsləndi və kiçik səhnəcik oynanıldı. Mərasimdə xarici səfirliklərin, şirkətlərin nümayəndələri iştirak edirdilər. 80-ə yaxın əsərin yer aldığı sərgidə “Tənhalıq”, “Pələng”, “Abstrakt portret”, “Bir gündə 4 fəsil”, “Ayın rəqsi” və s. rəsmlər diqqət çəkirdi. Sərgi sentyabr ayının 30-a qədər davam edəcək.
   
   Reyhan