Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssam İnna Kostinanın fərdi sərgisi açılacaq. İstedadlı rəssam 1962-ci ildə Bakıda anadan olub. Moskvada İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun bədii film və televiziya üzrə quruluşçu rəssam fakültəsini bitirib. Fırça ustası Azərbaycan Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsü, bir sıra yerli və xarici müsabiqələrin laureatıdır.
   Rəssam Azərbaycanda və xarici ölkələrdə keçirilən çoxsaylı sərgilərin iştirakçısıdır. Əsərləri Qazaxıstan, İtaliya, Almaniya, Türkiyə, Gürcüstan və Norveçin ən tanınmış muzey və qalereyalarında nümayiş etdirilib, mükafat və qrantlara layiq görülüb.