Dekabrın 11-də “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində “YARAT!” Müasir İncəsənət Məkanında “YARAT!” layihələrinin təqdimatı oldu. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov bildirdi ki, builki biennaleyə 17 ölkədən 50, Azərbaycandan isə 60-a yaxın rəssam qatılıb.
Özbəkistan, Almaniya, Azərbaycan sənətkarlarının video-art, foto, instalyasiya janrında nümunələri qonaqlarda böyük maraq yaratdı. Layihələr müasir dünyaya, insana, ictimai münasibətlərə, estetik baxışlara həssas bir yanaşma, bu günlə gələcək arasında olan ani məqamda düşünmək şansı verir.
Sancar Cabbarovun (Özbəkistan) video-art janrında olan «Qəribə adam» adlı işi özünü axtaran, özünü axtarmağa gedən insandan bəhs edir. Babur İsmayılovun (Özbəkistan) «Sima» layihəsi də bu janrdadır. Müxtəlif milli üslublu tikililərin fonunda üst-üstə milli paltarlar geyinmiş qadın təsviri Şərq-Qərb dialoqu, qloballaşma kimi labüdlüklərin qarşısında xüsusi məna kəsb edir. Aleksandr Barkovskinin «Qaraçı qadınlar» adlandırdığı layihə də maraqla qarşılandı. Həmin müəllifin «Maykl Cekson kimi» adlı video-art janrlı işində isə bir özbək ailəsində məşhur müğənnini təqlid edən oğlan göstərilir.
Multimedia instalyasiyaları isə yalnız texniki cəhətdən deyil, fikir, ideya baxımından yeni idi. Məsələn, Aleksandr Nikolayevin «Söhbət» adlı işi səs, məkan, təsvir və ötürdüyü atmosfer olaraq bir ideyaya xidmət edir: tez-tez pozulan ekranda akvariumda üzən balıqlar təsviri, mizin ətrafında iki stul, üstündə isə içində su olan bir neçə banka var. Bu bankalara nasosla vurulan havadan səthə çatanda partlayan qovuqcuqlar yaranır. Bu, insanlar arasında söhbətin çox vaxt nə qədər boşa getdiyini nümayiş etdirir. Azərbaycanlı heykəltəraşlar Mahmud Rüstəmovun «Qara qan» adlı işi bir müşahidə və təsirdən yaranmış sənətkar baxışı idi. İşlər arasında rəqəmsal texnologiyadan yararlanan, yaradıcı təkanlar alan nümunələr (Luise Freynzhagen - «Transmissiya») də vardı.
Layihələri və qonaqları təqdim edən sənətşünas və tənqidçi Dilarə Vahabova layihələr və iş texnikası barədə qısa məlumat verdi. Daha sonra layihə iştirakçıları öz işləri haqqında danışdılar.
Aliyə