İnformasiyaların həddindən artıq bol olduğu bir şəraitdə ədəbi-bədii məhsulun yeri çox zəifləyib. Belə bir şəraitdə oxucu kütləsinin diqqətini cəlb etmək, müəyyən bir əsəri cəmiyyətin həyatında bədii hadisəyə çevirmək çox mürəkkəb məsələdir.
   
   Yazıçı-oxucu əlaqəsinin qırılması estetik tələb və təklif arasındakı balansı pozub. Bunun nəticəsində təqdim olunan bədii əsər ciddi və kütləvi müzakirə mövzusuna çevrilmir, fərqli münasibət və görüşlər ortaya qoyulmur, yeni axtarışlara sövq edilmir.
   Bütün bu problemlər ətrafında müzakirə apararaq məsələləri daha dərindən öyrənmək üçün mövzu ilə bağlı iki tədqiqatçı alimimizə aşağıdakı suallarla müraciət etdik: Son on ildə oxuduğunuz roman hanısıdır? Müasir Azərbaycan ədəbiyyatında diqqətinizi cəlb edən müəllif kimdir? Ədəbiyyatımızın bugünkü durumunu necə dəyərləndirirsiniz?
   Cəlal Abdullayev - Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor:
   - Son on ildə Azərbaycan ədəbiyyatında bir çox bədii nümunələr meydana gəlmişdir. Mən Azərbaycan ədəbiyyatındakı bu nümunələri daha çox qiymətləndirirəm: Aqil Abbasın “Dolu”, Seyran Səxavətin “Nekroloq”, “Yəhudi əlifbası”, İlqar Fəhminin “Akvarium”, Mövlud Süleymanlının “Erməni adındakı hərflər”.
   Müasir ədəbiyyatın mövzu, məzmun, yeniliklər baxımından bir sıra problemləri vardır: Müasir Azərbaycan ədəbiyyatında yenilik azdır, nümunələrin çoxu kəşfiyyat xarakterlidir. Bu gün bədii ədəbiyyatın həyatı fəal, dəyişdirici rolu nəzərə çarpmır. Baxmayaraq ki, bu gün hətta böyük alimlər tərəfindən ədəbiyyatın cəmiyyətə bir şey verməyəcəyi barədə fikirlər səslənir, amma bununla razılaşmaq olmaz. Ədəbiyyat təfəkkürü cilalayır, zənginləşdirir. O, şəxsiyyətin gələcəkdə cəmiyyətdə tutacağı mövqeyin müəyyənləşməsində ciddi rol oynayır.
   Müasir poeziya və nəsrimizdə müəyyən irəliləyişlər, ümidverici cəhdlər özünü göstərir. Lakin ən acınacaqlı vəziyyət dramaturgiyadadır. Dramaturgiya öz əvvəlki şahanəliyindən aşağı enib. Dramaturgiyamızın əvvəlki əzəməti hiss olunmur. Çox qəribədir ki, bu gün dramaturgiyada daha çox dəlidən yazırlar. Ancaq nə problem, nə də onun həlli bu mövzuda olan ən şedevr əsərin - “Dəli yığıncağı”nın yaxınına belə gələ bilmir.
   Ədəbiyyatın ciddi problemlərindən biri də yarınmaq meyilləridir. Sanki ədəbiyyat oxucu üçün yazılmır. Ayrı-ayrı məqsədlərə xidmət edir. Amma kəskin nümunələr də var. Kəskinlərdə isə xarakter çatışmır. Məsələn, əvvəldə adını çəkdiyim Seyran Səxavətin “Nekroloq” əsərində surət yoxdur. Amma əsərin ideyası məlum məsələdir. Aktual problemləri fərqli baxış bucağından görmək məharəti bu əsərdə hiss olunur.
   Həmçinin bu gün dünya ədəbiyyatında baş verən proseslər bizə də təsir edir. Bizimkilər də postmodernist yolla gedirlər. Bunlar deyirlər ki, əsərdə surətə ehtiyac yoxdur. Mənfi qəhrəman, müsbət qəhrəman lazım deyil. Elə buna görə də ədəbiyyatda xarakter çatışmır. Bütün bunlar elə 60-cı illərdən gəlir. Onlar deyirdilər ki, biz insanların ürəklərinə təsir edək, insanların zahiri aləmini verməsək də, olar. Amma bu yeni yazarlar artıq tamam başqa bir yolla gedirlər.
   
   Arif Əmrahoğlu - Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi:    - Son dövrlərdə ən çox bəyəndiyim iki romanın adını çəkə bilərəm: Aqil Abbasın “Dolu” və Kamal Abdullanın “Yarımçıq əlyazma”.
   Bu gün ədəbiyyatın oxunmaması problemi vardır. Bunun isə səbəbini informasiya texnologiyası ilə əlaqələndirmək düzgün deyil. Çünki dünyanın informasiya texnologiyaları baxımından elə inkişaf etmiş ölkələri vardır ki, orada bədii ədəbiyyat kifayət qədər oxunur. Biz bu problemin həllindən o zaman danışa bilərik ki, sosial vəziyyət daha yüksək olsun, insanlar öz məvaciblərindən kitab almaq üçün kifayət qədər pul ayıra bilsinlər, kitabların satışı üçün əyalətlər də daxil olmaqla konkret mərkəzlər olsun, kitabların tirajı yetərli səviyyədə olsun. Bax bu məqamda biz oxucunu, yazıçını nələrdəsə günahlandıra bilərik.
   Bilirsinizmi, əslində bu sahədə görüləsi çox işlər vardır. Bu bir günün, bir ilin içində həllolunası problemlər deyil. Zaman hər şeyin həllində ən yaxşı vasitədir. Mən hesab edirəm ki, bu gün Azərbaycan ədəbiyyatında oxumaq üçün yetərli qədər nümunələr vardır. Sadəcə onları oxucuya çatdırmaq, təbliğ etmək lazımdır”.
   
   Hikmət Quliyev,
   Səfa Qarayev