- Bu gün AYB-nin “Natəvan” klubunda Milli Kitab Mükafatının təşkilatçılığı ilə gənc yazarlarla görüş keçiriləcək. Görüşdə mükafatın təşkilat komitəsi ilə yanaşı, münsiflər heyətinə daxil olan tanınmış detektiv yazıçı Çingiz Abdullayev də iştirak edəcək. Yığıncaq MKM-in ədəbiyyatın və kitabın təbliğatı ilə bağlı keçirdiyi silsilə tədbirlər çərçivəsində təşkil olunur.
   
   -”525-ci qəzet” “Qadın yazarlar” seriyasından 5 kitabın nəşrinə başlayıb. İlk olaraq bu seriyadam Nurəngiz Günün «Mən o ağacın çiçəyiyəm” adlı kitabı bu həftə oxuculara təqdim ediləcək. Növbəti kitabda isə 20 qadın yazarımızın yaradıcılığı toplanacaq və “Zərif Çələng” adıyla təqdimata çıxarılacaq. Seriyanın tərtibçisi və redaktoru Səlim Babullaoğludur.   

   -Noyabrın 20-də Moskvada MDB yazıçılarının növbəti konfransı start götürüb. “Drujba narodov” jurnalının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli təmsil edir. Qeyd edək ki, toplantının keçirilməsində əsas məqsəd MDB ölkələri arasında ədəbi əlaqələrin durumu, canlandırılması, genişləndirilməsi və qarşılıqlı ədəbi tərcümə problemlərinə diqqət yönəltməkdir.
   Konfrans öz işini bu gün yekunlaşdıracaq.