Bu günlərdə İranın Təbriz şəhərində keçirilən 4-cü ənənəvi “Rəhmət” qısametrajlı filmlər festivalı Azərbaycan sənətçiləri üçün uğurlu olub. Festivalda ölkəmizi 4 qısametrajlı film təmsil edib: Elməddin Alıyev və Xəyyam Abdullayevin “Koramal” filmi, Tahir Əliyevin “Səhra gülü”, Elçin Əsədovun “Məsihi” və Murad Muradovun “Anlama” filmi. Bu filmlər arasında Elməddin Alıyev və Xəyyam Abdullayevin “Koramal” filmi festivalda “Ən yaxşı xarici bədii film” kimi qalib seçilib.    

   Təbriz Mədəniyyət Mərkəzinin təsisçiliyi ilə keçirilən festivalda dünyanın 10-dək ölkəsi təmsil olunub. Festivallar adətən mövzu seçiminə görə sərbəst olduğu halda “Rəhmət” film festivalı mövzu əhatəsinə görə digər festivallardan müəyyən çərçivələrdə fərqlənir. Festivala təqdim olunan filmlər humanizm, insansevərlik ideyalarını təbliğ edir.
   Onu da qeyd edək ki, builki festivalın münsiflər heyətində Azərbaycandan “Cinema” gənc kinematoqrafçılar ittifaqı və “START” tələbə filmləri festivalının direktoru Fehruz Şamıyev yer alıb. O, festivalın çox maraqlı keçdiyini dedi: “Münsiflər heyəti 5 nəfərdən ibarət idi: 3 nəfər iranlı kino sənətçisi, mən və türkiyəli rejissor. Bakıda keçirilən “START” beynəlxalq tələbə filmləri festivalında nümayiş olunan filmlərin əksəriyyəti bu festivala göndərilib. Festival iki mərhələdə - xarici və milli (İran) filmlər üzrə keçirilirdi. İran tərəfin festivala təqdim etdiyi filmlər arasında yüksək səviyyəli ekran əsərləri var idi ki, onların əksəriyyəti də gənc kinematoqrafçılar tərəfindən istehsal olunmuşdur. Sevindirici hal ondan ibarət idi ki, həmin filmlərin əksəriyyəti Azərbaycan dilində idi. İranda kino məktəbi üzrə daha çox Ərdəbil məktəbi öndə idi. Münsiflər heyəti filmlərə xüsusi zalda baxırdı. Hər film üzrə qızğın müzakirələr keçirilirdi. Onu da deyim ki, klip nominasiyası və sənədli filmlər üzrə milli mükafatlandırmada bir qədər çətinliklər çəkdik”.
   Festivalda Azərbaycan filmlərinə böyük marağın olduğunu deyən Fehruz Şamıyev hətta filmlərimizin Təbrizdə nümayişi üçün müəyyən təkliflərin olduğunu da bildirdi: “Orada müxtəlif ssenarilərlə tanış olduq. Bir layihəmizə İranın gənc kinematoqrafçılar ittifaqı da qoşulub. Çox güman ki, ilin sonuna qədər müəyyən planlarımızı gerçəkləşdirəcəyik”.
   
   Yeganə Cansail