Avqustun 28-29-da Ukraynada alternativ kinematoqrafiyanın VIII Beynəlxalq qeyri-kommersiya film festivalı keçiriləcək. Festivalda iştirak etmək məqsədilə 56 ölkədən 322 film göndərilib. Bu filmlər arasından müsabiqənin proqramına 32 film seçilib. Festivalda ölkəmiz “İmper Qrup Prodüser Mərkəzi”nin istehsal etdiyi qısametrajlı “Bir addım” filmi ilə təmsil olunacaq. Film Fariz Əhmədov və Nərgiz Bağırzadənin rejissorluğu ilə 2009-cu ildə çəkilib. Ssenarisi Alina Abdullayeva və Nərgiz Bağırzadəyə məxsus film Qarabağ müharibəsində görmə qabiliyyətini itirmiş gənc döyüşçü Yusifin taleyindən bəhs edir. Rollarda gənc aktyorlar Gülzar Qurbanova, Pərviz Məmmədrzayev, Nərminə Kərimova və başqaları çəkiliblər. Kinoforum dörd nominasiya - “Peşəkar”, “Tələbə”, “Həvəskar” və “Müstəqil” nominasiyaları üzrə keçiriləcək. İyirmi üç dəqiqəlik “Bir addım” filmi festivalın “Peşəkar” nominasiyasında mükafat uğrunda mübarizə aparacaq.