Plagiat başqasının gördüyü işin, çəkdiyi zəhmətin nəticəsini özününküləşdirməkdir. Plagiat zaman-zaman bədii yaradıcılığın, mədəniyyətin müxtəlif sahələrində olduğu kimi, kinoda da özünü büruzə verib.
   
   Misal üçün, Çin yazıçısı Li Szyanmin Amerikanın “20 Century Fox” kinoşirkətini və alman rejissoru Roland Emmerixi məhkəməyə verib. Yazıçı rejissoru və şirkəti ona məxsus intellektual mülkiyyətin oğurluğunda ittiham edib. Çin yazıçısının iddiasına görə, Roland Emmerixin 2004-cü ildə “20 Century Fox” şirkətinin sifarişi ilə lentə aldığı “Birisigün” filmi Szyaminin 2001 və 2002-ci illərdə yazdığı iki pyesin konsepsiyası əsasında çəkilib. Li Szyanmin filmin 308 epizodunun həmin pyeslərdən götürüldüyünü deyir.
   Bu faktdan bir sual meydana çıxır. Doğrudanmı, söhbət əqli mülkiyyətin oğurlanmasından gedir, bəlkə sözügedən filmdə, sadəcə, çinli yazıçının pyesləri ilə oxşarlıq təşkil edən süjetlər yer alıb? Yaxud alman rejissor çinli yazıçının əsərlərindən götürdüyü süjet və epizodları tamamilə yenidən işləyib və bunu lentə alıb?
   
   Təkrarın təkrarı: postmodernizmdə plagiata yaşıl işıq
   
   Onu da qeyd etmək lazımdır ki, bu gün oxuduğumuz kitablardan, baxdığımız filmlərdən tutmuş geyim və yaşam tərzinədək bütün sahələrə nüfuz etmiş postmodernizmin əsas prinsiplərindən biri də plagiatdır. Yəni vaxtilə və dəfələrlə istifadə olunmuş ideyaların, motivlərin, süjetlərin yenidən işlənməsi. Bu baxımdan plagiat və mövzudan təkrar istifadə arasındakı sərhəd də şəffaflaşıb. Dünyada belə hesab edirlər ki, indi plagiat ittihamları daha çox qara piar vasitəsindən başqa bir şey deyil.
   Kinoda postmodernizmin əsasını qoymuş şəxslərdən biri olan məşhur rejissor Kventin Tarantino bütün filmlərini klassik kino nümunələrindən yararlanaraq çəkib. Ona “Klassikaya, dahilərə münasibətiniz?” deyə sual verəndə o, “dahiləri sevmirlər, onlardan oğurlayırlar” cavabını verib. Onun filmlərində hər epizod köhnə Hollivud və Asiya filmlərindən götürülüb. Rejissor nəinki bunu gizlətmir, əksinə, təsirləndiyi filmlərdə çəkilmiş aktyorlardan istifadə edərək hansı filmdən sitat gətirdiyini bir daha vurğulayır.
   Belə bir mülahizə də mövcuddur ki, incəsənət aləmində bir neçə mövzu var. Hər bir müəllif də öz dünyagörüşü, mentaliteti, intellektindən çıxış edərək bu mövzuların müxtəlif variasiyalarını hazırlayırlar.
   Məsələyə bu cür yanaşma Azərbaycan kinosu üçün də aktualdır. Tanınmış kino xadimlərindən biri danışırdı ki, sovet vaxtında rejissor aldığı sifarişi yerinə yetirməzdən əvvəl eyni mövzuya aid əcnəbi, rus və eləcə də başqa ölkələrdə çəkilmiş filmləri mütləq izləyirdi. Elə isə niyə, Tarantinonun “Billi öldürməli”, “Kriminal qiraət” kimi filmlərini sitatlar üzərində qurulmuş, postmodern ekran əsəri adlandırırıq, bizim kinoda bu cür bənzərlik hallarını isə plagiat hesab edirik?
   Daha bir misal. Dünya şöhrətli Martin Skorsezenin 2006-cı ilin ən yaxşı filmi kimi “Oskar”a layiq görülmüş “Dönüklər” filmi Çində istehsal olunmuş “İkiqat agent” filminin amerikan versiyasıdır. Təbii ki, Hollivudda belə məsələlərə ciddi nəzarət edilir və Skorseze filmə başlamamışdan əvvəl çinli həmkarlarından ssenarinin müəllif hüquqlarını satın alıb. Bununla belə, M.Skorsezeni nəinki qeyri-orijinallıqda və ya ideya böhranında ittiham etmirlər, hətta işinə görə ən yaxşı rejissor adlandırırlar. Fransız rejissoru Lyuk Besson “Mələk A” filmində məşhur “Leon” filminin motivlərindən istifadə edib. Hətta bir neçə dialoq da eynidir. Yəni hər şey müəllifin yozumundan, təqdimatından asılıdır. Bir mövzu dəfələrlə təkrar istifadə oluna bilər. Amma hər “istifadəçi” ona öz mövqeyindən baxanda tamamilə fərqli əsərlər alınır. Belə olduğu halda plagiat postmodernizmə çevrilir.
   Deməli, əsas məsələ mövzuya yanaşmadır. Müəllifin təfəkkürü və mövqeyi əsas amillərdən biridir. Mövzuya peşəkar baxış gələcək plagiat ittihamlarının qarşısını bəri başdan sığortalayır.
   
   İntiqam Hacılı