Avqustun 23-də İctimai Televiziyada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş «Mübariz» sənədli filminin ilk nümayişi oldu. Filmin yaradıcıları vətənpərvərlik haqqında pafoslu çağırışlardan imtina edərək, Mübariz İbrahimovun real obrazını və qəhrəmanlığını canlandırmağa üstünlük veriblər.
   
   Qarabağ cəbhəsində atəşkəsin 16 ildən bəri davam etməsi bizi müharibə əhval-ruhiyyəsindən, işğal altındakı torpaqlarımızı azad etmək uğrunda həlledici savaşa qalxmaq istəyindən uzaqlaşdırmayıb. Bu dövrdə ölkəmizdə böyüməkdə olan nəslin qəlbinə və yaddaşına vətənin bölünməzliyini təmin etmək, əzəli yurd yerlərimizi işğaldan qurtarmaq, düşməndən intiqam almaq arzusunun hakim kəsildiyini gizir Mübariz İbrahimov öz şücaəti ilə bir daha nümayiş etdirdi.
   Filmin yaradıcıları bu ideyanın bədii-publisistik həllini bacarıqla taparaq, sadə, amma dinamik və təsirli televiziya dili ilə onu tamaşaçılara çatdıra biliblər. Ssenaridəki lakoniklik, iştirakçıların yığcam, təmkinli təhkiyəsi, qəhrəmanın bioqrafiyasını, həyat ideallarını, arzu, istək və düşüncələrini səciyyələndirən ən konkret ştrixlərin seçilərək, filmin leytmotivinə uyğun şəkildə yerləşdirilməsi tamaşaçını axıradək diqqətli olmağa, təfərrüatları yadda saxlamağa vadar edir.
   Vətənin igid oğlunun ölməz ruhuna hədsiz ehtiramın təcəssümü olan filmin yaradıcı heyəti maraqlı ekran əsəri yaratmağa müvəffəq olub. Əminliklə demək olar ki, «Mübariz» filmi gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində təsirli rol oynaya biləcək bir telelayihədir.
   Qeyd edək ki, filmin ssenari müəllifi Müsəllim Həsənov, rejissor Ruslan Hüseynov, operator Manaf Quliyevdir.