Nuru Paşaya həsr olunmuş filmdə Rusiya, Türkiyə, Britaniya hərbi arxivlərindən götürülmüş kadrlar ilk dəfə nümayiş olunacaq
   
   “Oskar” kino şirkəti Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, bu ordunun uğurlu missiyası və Bakının erməni-daşnak qüvvələrindən azad edilməsinə həsr olunmuş bədii-sənədli film istehsal edib. TRT-nin Bakı nümayəndəliyinin, Regional Televiziya Şəbəkəsinin, Xəzər TV-nin və Cənub Regional Televiziyasının texniki və informasiya dəstəyi ilə hazırlanan film 1918-ci ilin 25 mayından 15 sentyabra qədər olan dövrü əhatə edir.
   
   “Qəzan mübarək, Paşam” adlanan filmdə Türkiyə Hərbi Qüvvələrinin Əsgəri Arxivindən, Rusiyanın Sankt-Peterburq Artilleriya, Rabitə və Mühəndis Qoşunları Hərbi-Tarix Muzeyindən, Azərbaycan Milli Arxiv Fondundan, Britaniya Xarici İşlər Nazirliyinin rəsmi internet saytından götürülmüş arxiv materialları ilk dəfə nümayiş olunacaq. Çəkilişləri Qazax, Gəncə, Kürdəmir, Şamaxı və Lənkəranda gerçəkləşən filmdə Qafqaz İslam Ordusunun qələbə marşrutunda ən gərgin döyüşlər barədə döyüş xəritələri, hərbi məlumatlar yer alacaq. Filmdə Nuru Paşanın, general Əliağa Şıxlinskinin bədii obrazları yaradılıb, Qazaxda və Gəncədə ordunun qarşılanma səhnələri, döyüş yolunun fraqmentlərini əks etdirən epizodlar lentə alınıb.
   ”Oskar” kino şirkətinin baş redaktoru Sədi Məmmədov bildirib ki, Bakının azad olunması əməliyyatı bütünlüklə öyrənilib və Azərbaycan kino tarixində ilk dəfə bu filmdə daşnak-bolşevik-ingilis-alman hərbi qüvvələrinə qarşı Qafqaz İslam Ordusunun qələbə döyüşü detallarına qədər təqdim olunub: “Qafqaz İslam Ordusunun adı, Qaraməryəm ətrafında gedən qeyri-bərabər döyüşdə məğlub olmamağın sirri, Nuru Paşanın tarixin gedişini dəyişən 100 saylı əmri, Bakı döyüşündən öncə ordu arasında yayılan müraciətin müəllifi barədə araşdırmalar, kino tariximizdə ilk dəfə həmin dövrdə düşmənin hərbi arsenalı barədə səhih informasiyalar, kütləvi bədii səhnələr filmin özəlliklərindəndir”.
   Ssenari müəllifləri Ramin Vəkilov və İlham Rüstəmov, rejissorları Yaşar Əhmədov və Sain Qəhrəmanoglu olan filmin təqdimatı Bakının daşnak-bolşevik qüvvələrindən azad olunması günü - 15 sentyabrda nəzərdə tutulur.