Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyası və Sankt-Peterburqun “Lennauçfilm” studiyasının birgə istehsalı olan “Qafqaz qartalının uçuşu” sənədli filminin Rusiya və Azərbaycanda təqdimatları keçiriləcək.
   
   Filmin Rusiyada təqdimatı bu sentyabrın 15-də Sankt-Peterburq Kino Evində baş tutacaq. II Dünya müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunan filmin rus dili variantının təqdimatında Azərbaycanın Sankt-Peterburqdakı konsulluğu, diplomatik nümayəndələri, kino xadimləri iştirak edəcəklər. Tədbirdən öncə Hüseynbala Əliyevin Nizino qəsəbəsində yerləşən məzarı ziyarət olunacaq. Mərasimə filmin yaradıcı heyəti də qatılacaq. Baxış faşizm üzərində qələbənin 65 illiyi münasibətilə keçirilir. Filmin Azərbaycan variantının təqdimatı isə oktyabr ayında Bakıda təşkil olunacaq.
   Qeyd edək ki, Hüseynbala Əliyevə həsr olunan “Qafqaz qartalının uçuşu” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.
   
   İntiqam Hacılı