Türkiyə kinosunun maraqla gözlənilən iki filminin premyerası eyni günə təsadüf edəcək. Noyabrın 5-də hər iki film Türkiyənin kinoteatrlarında göstəriləcək. Həm Mahsun Kırmızıgül (“Nyu-Yorkda beş minarə”), həm də “Panafilm” (“Qurdlar vadisi - Fələstin”) Qurban bayramından bir həftə əvvəl kinoteatrlara girmək üçün hazırlıq işlərinə başlayıblar. Filmlərin prodüserləri hesab edirlər ki, nümayişlərə bayramdan bir həftə əvvəl başlasalar bayram tətili boyunca yaxşı gəlir əldə edəcəklər. Maraqlı budur ki, prodüserlər bir-birlərindən xəbərsiz 5 noyabr tarixlni seçdiklərini vurğulayırlar. İndi tərəflərdən heç biri bu tarixin dəyişdirilməsi barədə düşünmür. Belə olduğu halda “Qurdlar vadisi - Fələstin” və “Nyu-Yorkda beş minarə” filmlərini çox böyük rəqabət gözləyir. Nümayişlərin eyni vaxtda olmasının filmlərə xeyir, yoxsa zərər gətirəcəyi isə maraq doğurur.