Sentyabrın 15-də Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində VI Beynəlxalq kinofestival açılıb. Festival “Mədəniyyətlərin dialoqlarından dialoq mədəniyyətinə” devizi altında keçirilir.
   Sentyabırın 19-dək davam edəcək festivalda dünyanın 28 ölkəsindən, o cümlədən Rusiya, Azərbaycan, ABŞ, Fransa, Əlcəzair, Misir, İran, İordaniya, Norveç, Fələstin, İtaliya, Rusiya, Böyük Britaniya, Türkmənistan, Suriya, Banqladeş, Əfqanıstan, Almaniya və digər dövlətlərdən 70-dən çox film nümayiş olunacaq.
   Ölkəmizi festivalda “İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi «Bir addım» qısametrajlı bədii filmi təmsil edir. Festival sentyabırın 19-dək Kazan şəhərində davam edəcək. Xatırladaq ki, film Mədəniyyət və Turizim Nazirliyinin keçirdiyi «Bu meydan bu ekran-2008» musabiqəsinin qalib kinolayihəsi kimi 2009- cu ildə istehsal olunub.
   Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, qurluşçu operatoru Tarıverdi Tarıverdiyev, qurluşçu rəssamı Şahin Həsənli, Bəstəkarı Rauf Aliyev prodüserləri isə Rəşad Qasımov və Fariz Əhmədovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdi. Filmdə baş rollara Gülzar Qurbanova, Pərviz Məmədrzayev və Nərminə Kərimova çəkiliblər.
   “Bir addım” filmi Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyatından bəhs edir.
   Qeyd edək ki, Kazan kinofestivalı “Bir addım” filminin iştirak etdiyi 20-ci beynəlxalq müsabiqədir. Film Polşa, Hindistan, İtaliya və Rusiyada keçirilən daha 4 festivala dəvət alib.
   
   Y.Cansail