Batumidə V Beynəlxalq müəllif filmləri kinofestivalı keçirilir. Sentyabrın 12-dən başlanan və 19-dək davam edəcək festivalın münsiflər heyətinə polyak mənşəli Amerika kinorejissoru Zbiqnev Rıbçinski (1983-cü ildə “Tanqo” filminə görə “Oskar”a layiq görülüb) rəhbərlik edir. Kinofestivalda 23 ölkənin filmləri nümayiş olunacaq. Maraqlıdır ki, festivalın “bədii və sənədli kino” proqramında gürcü filmləri göstərilməyəcək. Onlar yalnız gənc rejissorların müsabiqə filmləri bölmələrində təmsil olunacaqlar.
   Kinofestivalın tanınmış qonaqlarından biri görkəmli İran kinorejissoru Abbas Kiarostamidir. Tədbirdə onun bir neçə filmi nümayiş etdiriləcək. Qeyd edək ki, Abbas Kiarostaminin “Sona çatmış surət” adlı sonuncu filminin premyerası 2010-cu ildə Kann festivalında keçirilib. İran kinorejissoru tədbirin gedişində həm də ustad dərsləri keçirəcək.