Bu yaxınlarda mətbuatda məşhur rejissor Eldar Ryazanovun neyrocərrahiyyə xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbərlər yayıldı. Xəstəxananın həkimi bildirib ki, rejissor əməliyyat olunmayacaq. Çünki cərrahi müdaxilə xəstə üçün ağır nəticələr verə bilər. Osteoxondrozdan əziyyət çəkən E.Ryazanovun görmə və eşitmə ilə bağlı problemləri yaranıb. Maraqlıdır, milyonlarla insanlara həyatın ironiyasını, istehzasını, gülüşünü göstərən, səmimi dialoqları eşitdirən Eldar Ryazanov bundan sonra filmlərini görə, dialoqlarını eşidə bilməyəcək...
   
   Görkəmli rejissorun 83 yaşı var. 1950-ci ildə Q. Kozintsovun emalatxanasında rejissorluq fakültəsini bitirdikdən sonra Sənədli Filmlərin Mərkəzi Studiyasında işləyib. 1955-ci ildə “Saxalin adası” sənədli filminə görə Kann kinofestivalında mükafat alıb. Bir il sonra rejissor onu məşhur edən “Karnaval gecəsi” kinokomediyasını çəkir. Bundan sonra komediya üslubuna köklənir. Onun filmləri gülməli və heyranedicidir. Rejissorun sevimli janrı tragikomediyadır: “Avtomobildən qorun!” (1966), “Uğur ziqzaqı” (1968), “Quldur qocalar” (1971), “Qəribə təsadüf və ya həmişə təmizlikdə!” (1975), “İşdə məhəbbət macərası” (1977), “Qaraj” (1979). Bu filmlərdəki obrazlar 60-70-ci illərin rus-sovet kinokomediyalarının əsas simalarıdır. Detoçkin, cərrah Lukaşin, müstəntiq Myaçikov həmin illərin simvoluna çevrilir.
   E.Ryazanov komediya janrından əl çəkmir, amma “təmiz” komediyaya da üstünlük vermir. Çəkdiyi filmləri ilə rus-italyansayağı komediyanı qoruyur. Necə ki, bunu “İtalyanların Rusiyada qeyri-adi macəraları” (1973) filmində parlaq aktyor Andrey Mironovla birgə həyata keçirir. E.Ryazanov klassikaya da müraciət edir. O, 1984-cü ildə Andrey Myaqkov və Nikita Mixalkovla birgə “Amansız romans” filmini çəkir. Sovet hökumətinin yenidənqurma siyasəti rejissoru məcbur edir ki, satiraya müraciət eləsin. 1987-ci ildə Leonid Filatov və Valentin Qaftla birgə “Fleyta üçün unudulmuş melodiya” filmini çəkir. Bir il sonra “Hörmətli Yelena Sergeyevna” (1988) tragikomediyası çəkilir.
   
   Sovet kinosunu dünyaya tanıdan “Karnaval gecəsi”
   
   “Karnaval gecəsi” filmi ekranlara çıxan kimi rejissor Eldar Ryazanovu bütün ölkə tanıdı. Film prokatda 48,64 milyon tamaşaçı topladı. Gənc Lyudmila Qurçenko da yeni ili məşhurluqla qarşıladı. Ancaq əvvəllər onu rola təsdiqləmək də istəmirdilər.
   “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin premyerası 1976-cı ilə təsadüf etdi. Filmi eyni vaxtda üç kamera çəkirdi. Eldar Ryazanov bizə çox sadə görünən bu film haqqında deyir: “Film üzərində iş fevral-mart aylarında gedirdi. Ən böyük çətinlik onda idi ki, o il güclü qar yağmışdı. Qarsız da keçinə bilməzdik, çünki yeni il nağılına bənzər bir film çəkirdik. Qar olmayanda isə yerə süni qar tökməyə məcbur olurduq.
   Qar məsələsini həll etmişdik ki, yeni bir problem ortaya çıxdı. İppolit roluna təsdiqlənən Oleq Basilaşvili üçün artıq kostyumlar da hazır idi. Çəkilişə başlayana yaxın aktyorun atası öldü. Aktyoru Yuri Yakovlev əvəz etsə də, xoşbəxtlikdən kostyumlar ona dar gəldi. Çoxlarının yadındadır ki, baş qəhrəman İppolitin şəklindən qurtulmaq üçün onu pəncərədən atır. Tamaşaçılar bunu hiss etmirlər, pəncərədən atılan Yuri Yakovlevin şəklidir. Amma yerdən qaldıranda artıq Basilaşvilinin şəkli olur. Bu kadrı yenidən çəkməyə vaxtım çatmadı”.
   Tamaşaçılar bu filmin, demək olar ki, bütün epizodlarını əzbər bilirlər. Amma yenə də hər il 31 dekabrda bu filmi maraqla seyr edirlər. Rejissor bunun səbəbini belə izah edir: “Məncə, komediya filmində personajları elə çəkmək lazımdır ki, onlar özlərində tamaşaçıya qarşı simpatiya oyada bilsin, bununla bahəm gülməli olsunlar. Mənə elə gəlir ki, komediyaya köklənmiş insan, birincisi insanları sevməyi bacarmalıdır, ikincisi, yumor hissinə malik olmalıdır, üçüncüsü isə zamanı duymalıdır”.
   
   “Komediyanı böyük kütlə qarşısında göstərmək lazımdır”
   
   Ryazanovun son filmlərindən biri “Yataq otağının açarı” adlanır. Filmdə hadisələr inqilabdan əvvəlki Rusiyada cərəyan edir. Əgər rejissor bundan əvvəlki filmlərində hadisələrin gedişini bir ailənin və ya kiçik bir cəmiyyətin daxilində həll edirdisə, bu filmdə tam əksinədir. “Yataq otağının açarı” bir yataq otağını açmaqla kifayətlənmir. Ryazanov inqilabdan əvvəlki Rusiyanı bu açarla açır. Digər filmlərindən fərqli olaraq bu filmdə gülüşə çox üstünlük verilmir. Yalnız “yataq otağı çərçivəsində”.
   Rejissorun film haqqında dediklərindən: “Komediyanı böyük kütlə qarşısında göstərmək lazımdır. Onda gülüş reaksiyası həvəslənməyə tabe olur. İnsanlarda yumor hissi müxtəlifdir - əgər biri sadəcə gülümsəyirsə, digəri stuldan yıxıla bilər. Kim ki, az gülür, başlayır başa düşməyə. Siz eşitmisiniz ki, kimsə “məndə yumor hissi yoxdur” desin? Musiqi duyumu olmadığını təsdiqləmək olar, amma yumor hissinin olmadığını demək təhqiredicidir”.
   Məşhur rejissor istər sovet dövründə, istərsə də sonra heç vaxt sifarişlə film çəkməyib. Özü isə bunu belə izah edir: “Nəyi istəməmişəm, onu da çəkməmişəm, indi də belə edirəm. Özümün istəyim olmadan heç nə etməyəcəyəm. Mən öz-özümlə yarışa girmək istəmirəm”.
   
   İntiqam Hacılı