Çingiz Rəsulzadənin “İki nəfərin xoşbəxtliyi” kino layihəsi üçüncü yerə görə layiq görülüb
   
   Sentyabrın 12-dən 19-dək MDB və Pribaltika ölkələrinin Rusiyanın Anapa şəhərində keçirilən XIX “Kinoşok-2010” festivalı başa çatıb. Festivalın baş mükafatını Litva rejissoru Şarunas Bartasın müəllifi olduğu “Avrasiyalı” filmi qazanıb.
   
   Rusiyalı rejissor Aleksey Fedorçenko “Yulaflar” filminə görə “Ən yaxşı rejissor”, Sergey Yuriditski isə “Ellizium” fiminə görə “Ən yaxşı operator”nominasiyalarına layiq görülüblər. ”Ən yaxşı ssenari” mükafatına isə Ukrayna rejissoru Sergey Loznitsın “Mənim xoşbəxtliyim” filmi layiq görülüb.
   Qırğız aktyoru Aktan Arım Qubad “Ən yaxşı kişi rolu” nominasiyasının, Estoniya aktrisası Helena Merzin isə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub. Festivalın xüsusi mükafatını “Mənim əziz uşaqlarım” filmi qazanıb.
   Festivalda nümayiş olunan filmlər əsasən tammetrajlı və “Qeyri-format” (rəqəmsal formatda olan tammetrajlı filmlər) filmlərdən ibarət olub. Tammetrajlı filmlərin münsiflər heyətinə rusiyalı rəssam və prodüser Pavel Kapleviç, qısametrajlı filmlərin təmsil olunduğu “Şokun sərhədləri” müsabiqəsinə festivalın qalibi olmuş Şarunas Bartas rəhbərlik ediblər. Bu müsabiqədə estoniyalı rejissor Manfred Vaynokivinin çəkdiyi “Şən qocalar” filmi qalib gəlib. ”Qeyri-format” müsabiqəsinin baş mükafatını isə estoniyalı rejissor Yaak Kilminin çəkdiyi “Disko və atom müharibəsi” filmi qazanıb.
   Qeyd edək ki, festival çərçivəsində kino layihələr müsabiqəsi də keçirilib. Bu müsabiqədə Azərbaycandan təqdim olunmuş “İki nəfərin xoşbəxtliyi” kino layihəsi iştirak edib. Çingiz Rəsulzadəyə məxsus layihə üçüncü yerə layiq görülüb.