Bəstəkarın əsərlərindən ibarət CD-lər buraxılıb
  
   Fevralın 5-də M.F.Axundov adına Milli Kitabxanada “Qara Qarayev: Biblioqrafiya” kitabının təqdimatı keçirildi. Bu kitab Qara Qarayevin doğum günü ilə əlaqədar kitabxananın əməkdaşları tərəfindən hazırlanıb. Tədbirdə həmçinin bəstəkarın “Yeddi gözəl” “Leyli və Məcnun” və “Don Kixot” əsərlərindən ibarət CD-lər də iştirakçılara təqdim olundu.
  
   Tədbiri açan kitabxananın direktoru Kərim Tahirov bəstəkarın həyat və yaradıcılığının bütün dövrlərini özündə əks etdirən “Qara Qarayev: Biblioqrafiya” kitabının əhəmiyyətindən danışdı. Sonra söz Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyevaya verildi. O, bəstəkarın yaradıcılığina dünya musiqi korifeyləri tərəfindən çox yüksək qiymət verildiyini diqqətə çatdırdı. Nazir müavini ötən il Q.Qarayevin YUNESKO tərəfindən Parisdə keçirilən yubileyini və onun klassik musiqimizin inkişafında əvəzsiz xidmətlərini qeyd etdi.
   Sonra söz kitaba ön söz yazmış AMEA-nın müxbir üzvü, professor Zemfira Səfərovaya verildi. O, bəstəkarı XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri kimi dəyərləndirdi: “Qara Qarayev musiqimizdə gələcəyə yeni yollar açan novator sənətkar idi. Onun musiqisi Azərbaycan və bütün sovet musiqisinin inkişafına təsir göstərmişdir. Q. Qarayevin əsərləri üçün seçdiyi əbədi mövzular da yalnız milli ədəbiyyatımızla məhdudlaşmayıb. O, yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla bərabər, Şekspir, Servantes, Puşkin , Ömər Xəyyam və Lope de Veqanın əsərlərinə də müraciət etmişdir”.
   Daha sonra Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, professor Nizami Cəfərov, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının professoru Fərhad Bədəlbəyli və BDU-nun kitabxanaçılıq informasiya fakültəsinin biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılıov dahi bəstəkarın həyat və yaradıçılığı barədə çıxış etdilər.
   Qeyd edək ki. “Qara Qarayev: Biblioqrafiya” kitabı və bəstəkarın əsərlərindən ibarət CD-lər musiqişünaslar, tədqiqatçılar və ümumiyyətlə, musiqi ilə maraqlananlar üçün çox dəyərli bir töhfədir.
  
   Savalan Fərəcov