Yanvarın 25-də İtaliyanın Florensiya əyaləti hökumətinin informasiya texnologiyaları üzrə meneceri Jurgen Assfalq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
   Kitabxanadan bildirilib ki, görüş Azərbaycan və İtaliyanın Mədəniyyət və Turizm nazirliklərinin həyata keçirdikləri Tvininq layihəsi çərçivəsində reallaşıb. “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı layihə ötən ildən icra olunur. İtaliyalı qonaq mədəniyyət sektorunda rəqəmsallaşmanın vəziyyəti və bu sahədə həyata keçirilən işlərlə maraqlanıb.
   Direktor Kərim Tahirov kitabxananın 2000-ci ildə “Virtua” avtomatlaşdırılmış sistemə qoşulması, elektron kitabxana və kataloq, virtual biblioqrafik xidmət imkanları haqqında məlumat verib.
   Mədəniyyət və Turizm Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında ULTRA şirkəti tərəfindən tərtib olunmuş ALİSA proqramı barədə danışan direktor proqramın iki ildir Bakı şəhər kitabxanalarında və 30 rayonun mərkəzləşdirilmiş kitabxana sistemlərində tətbiq edildiyini, bu ilin sonunadək bütün rayon kitabxanalarında işləyəcəyini, ALİSA-nın kitabxanalara tətbiqindən öncə kadrların Milli Kitabxanada treninq keçdiklərini diqqətə çatdırıb.
   Proqramın imkanları ilə maraqlanan qonağa ALİSA-nın dünya standartlarına cavab verən proqramlar əsasında yazılması, “Virtua” ilə sinxronlaşdırılması, kitabxanalarda əvvəllər olan IRBIS proqramında yazılmış bütün bazaların ALİSA-ya inteqrasiya olunması barədə məlumat verilib. İtaliyalı mütəxəssis Milli Kitabxananın “Açıq kitabxana” layihəsi ilə də tanış olub və layihəni yüksək qiymətləndirib.