Bilik Fondu uşaqlara və gənclərə kitablar hədiyyə edib
   
   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral - “Beynəlxalq kitab bağışlama günü” münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində bir sıra tədbirlər keçirib. 
   “İmzalı görüş” layihəsi çərçivəsində Pirşağıdakı Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə uşaq yazarı Mehriban Nağıyeva ilə görüş təşkil olunub.
   Tədbirdə Fondun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı və məsləhətçi Elvin Hətəmov iştirak ediblər.
   Məktəbin direktoru Fiqurə Rüstəmova Bilik Fondu tərəfindən həyata keçirilən maarifləndirici layihələrin təqdirəlayiq olduğunu deyib. Vurğulanıb ki, uşaqların yazarlarla görüşü onların həyatında mühüm iz buraxır.
   Sonra M.Nağıyeva məktəblilərə maraqlı şeirlər və nağıllar oxuyub, onların suallarını cavablandırıb.
   “İmzalı görüş” layihəsi çərçivəsində növbəti tədbir Nizami rayonu 1 nömrəli uşaq evində keçirilib. Yazar Sevinc Nuruqızı ilə keçirilən görüşdə balaca oxuculara mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışılıb.
   Nardaran Bilik evində keçirilən tədbirdə isə Bilik Fondunun əməkdaşları Ceyhun Musaoğlu və Aynur Seyidova yeniyetmə və gənclərə kitabların faydasından bəhs ediblər. Bildirilib ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, həyata obyektiv baxışın formalaşmasına kömək edir.
   “Beynəlxalq kitab bağışlama günü” münasibətilə Oğuz rayonundakı Bilik evində də tədbir təşkil olunub. Bilik evinin direktoru Anar Məcidov mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları barədə geniş məlumat verib. 
   Keçirilən tədbirlərdə uşaq və gənclərə kitablar hədiyyə olunub.
   Qeyd edək ki, “Beynəlxalq kitab bağışlama günü” (“International Book Giving Day” 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı -“Delightful Children’s”in yaradıcısı Emmi Brodmurun təşəbbüsü ilə irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.