Bir əsərin tarixçəsi 
   
   Cəmisi 30 il yaşamasına baxmayaraq zəngin yaradıcılığı ilə Azərbaycan təsviri sənət xəzinəsinə əvəzsiz töhfələr verən Bəhruz Kəngərlinin (1892-1922) əsərləri arasında onun “Qaçqınlar” silsiləsi xüsusi yer tutur. Həmin silsilədə 1918-1921-ci illərdə daşnaklar tərəfindən Ermənistandakı doğma yurdlarından qovulmuş soydaşlarımız təsvir olunublar.    
   Naxçıvana pənah gətirmiş müxtəlif yaşlı bu qaçqınlara xüsusi diqqət yetirənlərin sırasında gənc rəssam da olmuşdur. Özünün maddi cəhətdən ehtiyacı olsa da, o, qaçqın uşaqları ya evlərinə, ya da emalatxanasına gətirər, onları yedizdirər, pal-paltar verər və sonra da onların şəkillərini çəkərdi. Etiraf edək ki, qeyri-adi istedad sahibi olan Bəhruz bəy bununla da erməni təcavüzünü bədiiləşdirməklə, bu günün özündə bədiiliyi ilə yanaşı, həm də duyulası tarixi əhəmiyyət daşımasını şərtləndirmişdir. 
   Onun həm də böyük vətənpərvərliyini təsdiqləyən “Qırmızı yaylıqlı qız”, “Qaçqın qadın”, “Qaçqın İmran çanta ilə”, “Canfəda kəndindən qaçqın oğlan”, “Avşar kəndindən qaçqın qız Cümsün” və s. əsərlərində Canfəda, Afşar və digər kəndlərdən, bölgələrdən olan qaçqınların tükürpərdici zahiri görkəmini, gözlərindəki ümidsizlik notlarını əbədiləşdirməsini görmək mümkündür. 
   “Qaçqınlar” silsiləsində yer almış “Qaçqın xanım” əsəri bədii-estetik tutumuna və bədii-etnoqrafik əlamətlərinə görə başqalarından seçilir. Bu gün onun barəsində söz açmaq istəyirik. Bu da səbəbsiz deyil. Belə ki, həmin əsərin önəm kəsb edən xüsusiyyəti lövhənin bilavasitə rəssamın şəxsi həyatı ilə bağlı olmasıdır. Odur ki, gəlin, əvvəlcə bu əsərin ictimaiyyətə necə tanıdılmasını dəqiqləşdirək...
   Əsərin qorunduğu Azərbaycan Milli İncəsənət Muzeyindəki rəsmi sənədlərdə onun adı “Xanım adlı qaçqın qadının portreti” (1920) kimi qeyd olunub. Sulu boya ilə çəkilən portretin ölçüsü 20x13,3 sm-dir. Əsər 1946-cı ildə vətəndaş N.Kəngərlidən muzey üçün alınmışdır. Rəssamın əsərlərinin 1957-ci ildə nəşr olunmuş kataloqunda bu portret haqqında belə yazılıb: “Əsərin üzərində - yuxarı sol tərəfdə tarix və qeyd vardır: “Qaçqın “Xanım”, 28 iyun 1920-ci il”.
   Rəssamın vəfatının 25 illiyi münasibətilə təşkil olunan sərginin kataloqunda (1947) isə bu əsər belə təqdim olunub: “Qaçqın xanım”. k., s-b. ölçü 20x13 sm”. Elə həmin ildə M.Nəcəfovun müəllifliyi ilə buraxılan kitabda da bir qədər fərqli ifadəyə rast gəlirik: “Qaçqın Xanım”. Akv. 19x13”. Həmin kitabın illüstrasiyalar hissəsində isə həmin əsərin adı “Qaçqın xanım” kimi yazılmışdır. 
   K.Kərimovun 1962-ci ildə çap olunmuş “Bəhruz Kəngərli” kitabında müəllif portret haqqında məlumatı “Qaçqın xanım. akvarel. 19x13” kimi ifadə edib. 
   2005-ci ildə buraxılmış kataloqda (mətnin müəllifi N.Həbibov) əsər barəsində bunları oxuyuruq: “Qaçqın xanım. Kağız, sulu boya, 20x13,4. Yuxarıda solda tarix və yazı mövcuddur: 28 iyunya 1920 q. Bejenka. 1946-cı ildə vətəndaş N.Kəngərlidən alınıb. İnv. ¹ 837”.
   Ən nəhayət, rəssamın 120 illik yubileyi ilə əlaqədar Bakıda nəşr olunmuş kataloqda (2012) verilmiş illüstrasiyanın altındakı yazıda oxuyuruq: “Xanım adlı qaçqın qadının portreti”. 1920. Kağız, sulu boya. 20x13,3”.
   Elə həmin ildə Naxçıvanda nəşr olunmuş albom-kataloqda əsər barəsində verilən məlumat da yuxarıdakının təkrarıdır...
   Əsərin üzərindəki yazı onun sovet dönəmində muzey ekspozisiyasında düzgün nümayiş olunmaması ucbatından bu gün demək olar ki, oxunmur. Belə ki, sulu boya ilə çəkilmiş bu əsər uzun müddət muzeyin günəş şüaları həddindən artıq düşən otağında davamlı olaraq nümayiş olunduğundan duyulası dərəcədə solub, əvvəlki rənginin çoxunu itirib. Yeri gəlmişkən deyək ki, elə rəssamın ekspozisiyada davamlı olaraq nümayiş olunan digər əsərlərində də vurğuladığımız rənglərin solmasını müşahidə etmək mümkündür. 
   Beləliklə, muzeydəki rəsmi qeydlərə və bütün sənətşünasların bu vaxta qədər nəşr olunan kitab və kataloqlarında, jurnal və qəzet məqalələrində bu əsərdə Xanım adlı qaçqın qadının təsvir olunduğu göstərilib. Bizim apardığımız araşdırmalar isə təsdiq edir ki, burada Bəhruz bəy öz həyat yoldaşını təsvir etmişdir. Bu məsələni bu qədər çözələməkdə məqsədimiz də əsərdə Bəhruz bəyin öz ömür-gün yoldaşını təsvir etməsi ehtimalına aydınlıq gətirməkdir. 
   Əslində buna ehtimal deməmək də olar. Belə ki, həmin əsərdə təsvir olunan qadının Bəhruz bəyin həyat yoldaşı olduğunu rəssamın bacısı Mənsurə xanım (1912-1976) sağlığında həmişə yaxınlarına deyərmiş. B.Kəngərlinin yaradıcılığına yeni baxışla əlaqədar biz Mənsurə xanımın rəssam oğlu Xanlar Coratla (Məmmədov) görüşdük. O, bizə bir neçə əhəmiyyətli foto verməklə yanaşı, anasından “Qaçqın xanım” adlı əsərdə məhz Bəhruz bəy Kəngərlinin həyat yoldaşının təsvir olunduğunu eşitdiyini də bildirdi. Bu yerdə əlavə edək ki, geniş ictimaiyyətə həmişə rəssamın ümumiyyətlə evlənmədiyi çatdırılıb. Doğrusu, eşitmə qabiliyyətini itirmiş bir adamın evlilikdən imtina etməsini haradasa təbii qəbul edib, yayılan həmin xəbərə inanmaq da olardı. Amma fotosənədlər və doğmalarının söylədikləri sübut edir ki, rəssam evli olub. Bunu onun həyat yoldaşı ilə birlikdə çəkdirdiyi foto da təsdiqləyir.
   Bu yerdə qeyd edək ki, diqqətli tamaşaçı bu portretin rəssamın “Qaçqınlar” silsiləsində elə zahiri əlamətlərinə görə seçildiyini görə bilər. Başqa sözlə desək, digər qaçqınların geyimlərindəki müşahidə olunan səliqəsizlik bu qadının təsvirində görünmür. Elə onun yaşmaqlanması və rəssam qarşısında bir qədər utancaqlıq nümayiş etdirməsi elə onun duruşundan da duyulur. Bu yerdə əlavə edək ki, zamanında bu portretin başqalarından fərqli tutumda olduğunu sənətşünas K.Kərimov da hiss edib. Onun 1962-ci ildə yazdığı kitabda “Qaçqınlar” silsiləsinə münasibəti belə olub: “Qaçqın xanım”ı nəzərə almasaq, qalanları çox sadə və köhnə paltar geyinmiş, bəziləri isə ayaqyalındırlar”.
   Deyilənə görə, onların evliliyi 1918-ci ildə baş tutub və bu uzun çəkməyib, onlar iki ildən sonra ayrılıblar. Uşaqları olmayıb. O da məlumdur ki, həmin xanım sonradan Naxçıvanda “Lotu Hüseyn” kimi tanınan bir şəxsə ərə gedib və 1964-cü ildə vəfat edib. Bizə məlum olan evlilik fotosunun “Qaçqın xanım”la tutuşdurulması da bu qadınların oxşarlığını təsdiq edir. Onu da deyək ki, rəssamın həyat yoldaşının adı yaddaşlarda Hürnisə kimi qalıb...
   Bu yerdə ortaya çıxa biləcək bir suala da cavab verməyə məcburuq. Niyə rəssam əsərin üzərində təsvir olunanın əsl adını (Hürnisə) yox, Xanım kimi göstərib. O dövrün tədqiqatçıları və tarixçilər bunu bəy nəslindən olan rəssamın ailə üzvlərini hər hansı təhlükədən qorumaq məqsədilə etdiyi qənaətindədirlər. Bolşeviklərin gəlişi ilə bəylərə və xanlara, onların yaxınlarına qarşı həyata keçirilən müxtəlif formalı təzyiqləri yada salsaq, onda bu qənaətin çox məntiqli və inandırıcı olduğunu deyə bilərik. Onun ölkənin sovetləşməsindən sonra çəkdiyi və bizə gəlib çatmış bir çox kişi və qadın portretlərində (“Naxçıvan gözəli”, “Qoca kişinin portreti”, “Tatar kişinin portreti” və s.) kimlərin təsvir olunduğunu qeyd etməməsi də bununla bağlı olmuşdur... 
   Bəhruz bəyin qardaşı Rüstəmin 25 il sonra - 1945-ci ildə uzaq Valuysk (Rusiya) şəhərində özünü Boris Şirəliyev kimi təqdim etməsi, kiçik bacısı Gültacın isə Azərbaycanda “Tahirova” familiyası ilə yaşaması da bəy nəsli nümayəndələrinin başı üzərindən təhlükənin hələ də sovuşmadığından xəbər verir...
   Bəhruz bəyin portret yaradıcılığı barəsində fikirlərimizi yekunlaşdırarkən demək istəyirik ki, ömrünün sonuna kimi fırçasını əldən qoymayan rəssam müasirlərinin obrazlarını tarixin yaddaşına köçürməkdən usanmayıb. Onun bədii irsi ilə yaxından tanışlıq göstərir ki, rəssam özünün yaxınlarının təsvirlərindən ibarət olan məşhur uşaq rəsmlərinin bir neçəsini 1922-ci ilin yanvar ayında işləyib. Onların icrasında nümayiş olunan sənətkarlığın yüksək səviyyəsi göstərir ki, ruhu hələ də təravətli olan rəssam hələ də yaşayıb-yaratmaq əzmindədir. Amma bir ay sonra gənc rəssam həyatla vidalaşmalı oldu...
    
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru