Məşhur bakılı, görkəmli violonçel ustası və dirijor Mstislav Rostropoviçin (1927-2007) anadan olmasının 90 illiyi Moskvada da geniş qeyd olunacaq. Musiqiçinin qızı, Rostropoviç Fondunun rəhbəri Olqa Rostropoviç keçirdiyi mətbuat konfransında bildirib ki, VIII Beynəlxalq Musiqi Festivalı Moskvada musiqiçinin doğum günündə - martın 27-də açılacaq və aprelin 4-dək davam edəcək. Daha sonra yubiley tədbirləri Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı ilə davam etdiriləcək.
   Olqa Rostropoviç deyib ki, atası Bakını çox sevirdi, bu şəhər haqqında hər zaman böyük səmimiyyətlə danışırdı. Bakı onun həyatının vacib hissəsi idi. O vurğulayıb ki, növbəti festivalda iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gedəcək: “Mən Bakını çox sevirəm. Övladlarım da bu şəhərin vurğunudurlar. Bu yaxında oğlum mənə zəng vurub dedi: “Ana, mən Bakıya getmək istəyirəm”.
   O.Rostropoviç qeyd edib ki, martın 27-də, M.Rostropoviçin 90 illik yubileyi münasibətilə tədbirlər çərçivəsində Moskvada, musiqiçinin heykəli ucaldılmış bağçaya onun adı veriləcək, həmçinin Rostropoviçlərin yaşadığı Qazetnaya döngəsindəki binada xatirə lövhələrinin açılışı olacaq.
   Qeyd edək ki, Azərbaycan Prezidenti M.Rostropoviçin 90 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı 20-27 apreldə gerçəkləşəcək.