Ənənəvi layihə martın 30-da başa çatacaq
   
   Artıq dördüncü ildir ki, Azərbaycan Rəssamlar İttifaqı (ARİ) hər il Novruz bayramı günlərində “Təsviri sənət həftəsi” keçirir.    
   Bu il tədbirlər martın 24-də ARİ-nin Vəcihə Səmədova adına sərgi salonunda qurumun rəyasət heyətinin iclası ilə başladı. 
   Qurumun sədri, Xalq rəssamı Fərhad Xəlilov həftənin məqsədi və önəmi haqqında bilgi verərək keçiriləcək tədbirlərdən söz açdı. O, layihənin ölkəmizdə rəssamlığın təbliği üçün böyük rol oynadığını diqqətə çatdırdı. 
   Həmin gün V.Səmədova adına sərgi salonunda “Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə açıldı. 
   ARİ-nin sədri F.Xəlilov çıxış edərək müsabiqənin iki ildən bir keçirildiyini dedi. Bildirildi ki, bu dəfə yarışmaya ayrı-ayrı bölmələr üzrə 18 müəllif 54 əsər təqdim edib. 
   Açıq səsvermə yoluyla keçirilən müsabiqədə ARİ-nin Heykəltəraşlıq bölməsinin sədri, Xalq rəssamı Xanlar Əhmədov “Soltan Məhəmməd” müsabiqəsinin laureatı oldu. Ona müsabiqənin medalı və diplomu təqdim edildi.
   Bildirək ki, iki gün davam edən sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunurdu.
   Martın 25-də İçərişəhərdəki Əzim Əzimzadə bağında “Uşaqların ən yaxşı rəsmi” adlı növbəti tədbir keçirildi. Tədbirdə rəssamlıq bacarığı olan uşaqların işlərindən ibarət sərgi açıldı, ARİ-nin sədri F.Xəlilov tərəfindən iştirakçılara diplom və hədiyyələr təqdim edildi. 
   Martın 27-də V.Səmədova adına sərgi salonunda əlil uşaqların əsərlərindən ibarət satış-sərgi keçirildi. 
   Martın 28-də isə Bakıdakı Humanitar Kollecdə təhsil alan şagirdlərin Azərbaycanın tanınmış rəssamları ilə görüşü, eləcə də Buzovna qəsəbəsindəki 4 saylı Uşaq incəsənət məktəbində “Ustad dərsi” tədbiri baş tutdu. Hər il olduğu kimi, Bilgəh, Mərdəkan və Buzovna qəsəbələrindəki uşaq və qocalar evləri ziyarət olundu, onlara hədiyyələr təqdim edildi. 
   Qeyd edək ki, bu gün - martın 29-da C.Naxçıvanski adına Hərbi liseydə Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, rəssam İntiqam Ağayevin “Təsviri sənət həftəsi” çərçivəsində fərdi sərgisi açılacaq. 
   Həftə martın 30-da V.Səmədova adına sərgi salonunda “Bahar sərgisi” ilə başa çatacaq. 
   
   S.Qaliboğlu