Ənənəvi savaş
   
   Keçən həftə yazar dostlarımızla tədbirdən çıxandan sonra “Etüd” kitab mağazasında oturub, həmişəki kimi çay gillədə-gillədə söhbət edirdik. Xatırladım ki, bu mağazada hər şənbə kitab təqdimatları və yazarlarla görüş keçirilir, olduqca intellektual bir mühitdə çay içə-içə kitab oxuya və maraqlı rəsmlərə baxa bilərsiniz. Qərara aldıq ki, bu dəfə söhbətimizi mübahisəsi heç vaxt bitməyən bir mövzuya həsr edək. Şərq və Qərbi yenidən üz-üzə gətirirdik. Cavabı özümə də həm məlum, həm də naməlum olan bir sualla gənc ədiblərin söhbətini qızışdırdım. Belə ki, aşağıdakı sualla başladıq müzakirəyə:
   
   Qərbi Şərqdən və Şərqi Qərbdən maraqlı edən amil hansıdır?
   II Qismət (şair Odlar Yurdu Universitetinin müəllimi): Qərbi Şərqdən maraqlı edən onun texnoloji məsələləridir ki, Qərb Şərqdən bəhrələndiyini modernləşdirərək Şərq üçün də maraqlı olan nəsnələr yarada bilir. Şərqi Qərbdən maraqlı edən, məncə, onun kökünə, ənənəsinə daha çox bağlı olmasıdır.
   Rəbiqə Nazimqızı (şairə): Yəni Şərqdə məzmun, Qərbdə isə forma əsasdır, amma bu sırf ədəbi kontekstdə belədir. Ümumilikdə isə Şərqlə Qərbin çox fərqi var. Şərqdə doğulan ideya Qərbdə təkmilləşdirilir.
   II Qismət: Məsələn, ipək Şərqdə yaranır, amma kostyum Qərbdə tikilir. Bu mənada Şərqi Qərbdən, Qərbi Şərqdən təcrid etmək mümkünsüzdür.
   R.Nazimqızı: Amma Qərbin demokratik ənənələri hazırda Şərqdən daha güclüdür və bu da Qərbə axının ən əsas amilidir.
   Fərid Hüseyn: Qərbdə demokratiyanı bir qədər də dini amillərə bağlayaraq, siyasi amillərlə də geri atıblar. Amma danmaq olmaz ki, hazırda dünyada demokratiyanın olmasında Qərbin xüsusi payı var.
   Seyid Ramin (şair): Şərqin ədəbiyyatı, incəsənəti, miniatür məktəbinin kökü, əsası var, sadəcə Şərq hələ lazımi səviyyədə öyrənilməyib. Sədinin “Gülüstün”, “Bustan” əsərləri, yaxud Mövlanə Cəlaləddinin məsnəviləri hələ tam şəkildə öyrənilməyib, amma onların hər biri xəzinədir. Şərq Qərbə meyil etdikcə, Qərb də Şərqə meyil edir. Məsələn, Orxan Pamuk “Mənim adım Qırmızı” əsərini Şərqin rəsm sənətindən, Nizamidən əxz edərək yazıb, əsər bu gün dünyada tanınır.
   II Qismət: Raminin dediyi hər iki cəhətin bir-birinə inteqrasiyasının bir səbəbi də odur ki, Qərb özündə olmayanı Şərqdən əxz edir, Şərq də Qərbdən. Məsələn, dünyada satış rekordlarını qıran Paulo Koellonun “Əl kimyagər” əsərinin ideyası Mövlanə Cəlaləddinin bir məsnəvisində deyilib. Həmin məsnəvidə deyilir ki, bir çoban qızıl (xoşbəxtlik) axtarmaq üçün gedir, sonda məlum olur ki, qızıl elə o yaşadığı yerdə imiş.
   R.Nazimqızı: Amma bunlarla yanaşı, biz özümüzdə olanın qədrini bilmirik, var gücümüzlə Qərbə meyillənirik, Şərqə yox.
   II Qismət: Ona görə ki, Qərb ağacı alıb, cilalı taxta kimi düzəldib yenidən bizə qaytarır, biz də özümüzdəki kobud ağacla, onların bizə gətirdiyi cilalı taxtanı görəndə təbii ki, onlarınkını seçirik. Qərbin başqa bir maraqlı cəhəti də var. Bunu İlqar Fəhminin dilindən eşitmişəm. Onlarda həyat problemi, maddi məsuliyyətlər o qədər həll olunub ki, artıq hər şeyi problem edirlər, cüzi şeylərdən ötrü ailələr dağılır və s. Onlar sənətin də xırdalıqlarına, dərinliyinə bu cür nüfuz edirlər. Amma biz də belə deyil, Şərqdə maddi problemlər, dini qadağalar hələ də çox şeyi əngəlləyir. Məsələn, onlarla müqayisədə biz də qadın yazarlar, biznesmenlər çox azdır. Hələ Azərbaycan digər Şərq ölkələrinə baxanda Avropaya daha çox inteqrasiya olunub. Qərbin də bir neçə məşhur yazıçısı var ki, əslən şərqlidir. Məsələn, Albert Kamyu əslən Əlcəzairlidir, F.M. Dostoyevsknin nənəsi türk olub.
   S.Ramin: Şərqin ənənəsi onun təməlidir, əslində Şərqin öz dəyərlərini tanıması daha vacibdir, nəinki Qərbə meyillənmək.
   F.Hüseyn: Ramin, bu fikrinlə bir qədər razı deyiləm, Şərqin ənənələrinə bağlı olması onun bəzən inkişafına da mane olur. Məsələn, deyək ki, İran mədəniyyəti nə dərəcə demokratikdir, bədii əsərlərdə də bu mərhumiyyət duyulur.
   II Qismət: Fərid, sənin dediyin mərhumiyyət məsələsinin o qədər də ciddi dəxli yoxdur. Çünki Dostoyevskinin yaşadığı Peterburqun mərhumiyyətləri daha ağır idi, amma o, cild-cild dahiyanə əsərlər yazırdı.
   F.Hüseyn: Amma nəzərə alaq ki, Dostoyevskinin dövründən iki əsr keçir.
   II Qismət: Əsrin fərqi yoxdur, əsas əsərdir. Dahiyə dövrün, məkanın fərqi yoxdur.
   S.Ramin: Siz deyirsiz, amma İranın ədəbi demokratiyası mənim çox xoşuma gəlir, bu istər onların son illərdə çəkdiyi filmlərdə də, əsərlərdə də üzə çıxır. Onların qatı mərhumiyyətləri cənubi azərbaycanlılara qarşıdır.
   II Qismət: Mənə görə yazıçı üçün məkan anlayışı qəbulolunmazdır, kim harda yazır yazsın. Məsələn, Q.Q.Markesə qədər Latın Amerikası ölkələrinin ədəbiyyatı ikinci dərəcəli ədəbiyyat sayılırdı. Markes “Yüz ilin tənhalığı” romanını yazdı, indi bu xalqların ədəbiyyatının reytinqi məlumdur.
   S.Ramin: Mən yenə bayaqkı müzakirəyə qayıdırım ki, əslində Qərb bizə ən iyrənc mədəniyyətini sırıyır və biz də qəbul edirik. Məsələn, Amerikanın elə ştatı var ki, orda işçi xanımlara mini-paltar geyinməyə icazə verilmir, amma biz hansı Amerika filminə baxırıqsa, mini-paltarlı xanımlara rast gəlirik.
   R.Nazimqızı: Bu cəhət Şərqin mədəniyyət qapısının dünyaya açıq olması ilə də bağlıdır. Həm də örtülü yaşayan xalqlar, həmişə yasaqlara meyilli olurlar.
   S.Ramin: Bu gün Qərbi maraqlı edən amillərdən biri də Nobel mükafatıdır. Burda da obyektivlik yoxdur, siyasi məqsədlər var. Ç.Aytmatova vermədilər, amma özlərinin siyasi tələblərinə cavab verən orta səviyyəli yazarlara verdilər.
   F.Hüseyn: Seyid, Nobel dünyanın ən aparıcı mükafatıdır, bütün qitələrin yazarları bu mükafata həmişə can atırlar. Niyə Şərqin belə bir mükafatı yoxdur. Bəyəm, ərəb krallarının, şeyxlərinin pulu yoxdur ki, belə bir mükafat yaradıb maliyyələşdirsinlər. Hərəm ənənəsini hələ göz bəbəkləri kimi qoruduqları halda, belə bir mütərəqqi ənənənin başlanğıcını niyə qoymurlar.
   II Qismət: Hərəm saxlamaq məsələsi ilə bağlı bir şey deyim ki, bu mənfi ənənə əsrlərcə Şərqdə qalacaq. Çünki avropalı bir ay ərzində istəsə beş xanımla münasibətdə ola bilər və bu hal onlarda haram sayılmır, sanki bütün şəhər ona hərəmdir, onu bəyənən bütün xanımla əlaqələrini möhkəmlədə bilər. Şərq zəminin də isə özün də bilirsən ki, bu belə deyil.
   S.Ramin: Şərqin ənənələrini aşağılamaq olmaz. İstanbulda təkcə Memar Sinanın gördüyü işlər əsrlərdir ki, dünyanın estetik heyrətə gətirir. Məsələn, İstanbula su çəkib, “Süleymaniyyə” və “Sultaniyyə“ni tikib. Osmanlı ən uzunömürlü yaşayan imperiya olub. Hətta osmanlılar ziyarətə getmək üçün Məkkəyə və Mədinəyə qatar yolu çəkiblər. Bu tərəqqidən xoflanan avropalılar ərəbləri ələ alıb türklərlə aralarına nifaq salıblar. Şərqin əzəldən birliyi olmayıb, bir-birini qırıblar. Dünyada 28 ərəb ölkəsi var, birləşsələr, bütün dünyanı idarə edərlər.
   F.Hüseyn: Hər şeyi Şərqlə bağlamağın da tərəfdarı deyiləm. Bəzi alimlər yazır ki, N. Gəncəvi ümumdünya cazibə qanununu “Xəmsə”də daşın yerə düşməsi ilə əlaqələndirərək yazıb. Yaxud Amerikanı N.Tusi X.Kolumbdan əvvəl tapıb. X.Kolumb kraldan borc pul alıb, dünyanı gəzir, axırda da müflis olur, niyə vəzir vəzifəsində olan N. Tusi Amerikanı axtarmırdı. İmkanları kolumbla müqayisədə yüz qat yaxşı idi. Hülaki xanın vəziri idi.
   II Qismət: Ümumdünya cazibə qanunu N.Gəncəvidən əvvəl qədim yunan-Roma müəlliflərində olub. Qədim zamanlarda mədəniyyətlər arasındakı əlaqə indikindən daha möhkəm olub. Məsələn, Çin-Tibet fəlsəfi məktəbi ilə yunan-Roma fəlsəfi məktəbi arasında ciddi oxşarlıqlar var.
   S.Ramin: Eynşteyn nisbilik nəzəriyyəsini kəşf edir, sonra alimlərlə məktublaşır. Ayətullah Büruceni ilə məktublaşır və məlum olur ki, nisbilik nəzəriyyəsi barədə Qurani-Kərimdə məlumat verilib. Yaxud İbn Sinanın “Qeysəriyyə” əməliyyatını neçə əsr sonra Qərb alimləri öyrəniblər, indi də onu öz adlarına çıxırlar.
   F.Hüseyn: Şərqin əsas problemi ideyaların nəzəriyyə formasında qalması olub ki, onu praktiki cəhətdən bəşəriyyətə çatdırmayıblar. Sənət istehsalatı xammal kimi qalıb, tam şəkildə istehlakçısına çatdırılmayıb.
   R.Nazimqızı: Quranda hər şeyin yazılmasına inanan şərqlilər, bəlkə bu səbəbdən elə bir qədər ruhdan düşüblər ki, onsuz da biz təzə heç nə yarada bilmərik, hamısı artıq təsdiqlənib. Amma Qərbin belə bir kompleksi olmayıb.
   II Qismət: Şərq çox vaxt mədəniyyətinə sahib çıxa bilmədiyindən Qərb onu öz adına çıxıb. Rusiyada nəşr olunan “Dünyanın yüz şairi” seriyasında N.Gəncəvinin də adı var. Amma fars şairi kimi. Bizdə Nizami Gəncəvi haqqında cildlərlə əsər yazanlar, ağızdolusu danışanların heç biri həmin nəşriyyata bir məktub yazmırlar ki, ay qardaş, N. Gəncəvi Azərbaycan şairidir.
   
   Söhbəti qələmə aldı:
   Fərid HÜSEYN