Akif Məhərrəmovun qəfləti ölümünə heç kim inanmadı. Çünki onu tanıyan hər kəs Akifi ölümdən güclü hesab edirdi. Ölümdən güclü olanın ölümünə inanmazlar axı! Heç inanmırıq da. Amma fiziki yoxluğu bütün xülyaları divara qısıb, hər gün dağ çəkir adama. O, daha yoxdu. Nə evdə-eşikdə, nə ofisdə - heç tərəfdə gözlərimiz onu görmür. Toy-düyünlü yığnaqlarda, dostların, qohumların, iş adamlarının əhatəsində ona məxsus koloritli, haylı-haraylı, ötkəm, amiranə söz-söhbətləri, hayqırtıları, şaqqanaxlı gülüşləri, bahar şimşəkləri kimi tez guruldayıb, tez də ötən hirsi-hikkəsi yoxdu daha. Harada olursa olsun, həmin anda nəzər-diqqət mərkəzinə yönələn, ünsiyyətin aparıcı tərəfinə çevrilən qeyri-adi, fenomen şəxsiyyətin - ünlü iş adamının, gözəl şairin, təmənnasız səxa sahibi mükəmməl insanın yeri görünür. Və bu boşluq onu tanıyanları göyüm-göyüm göynədir. Uzun müddət, yəqin ki, elə ömrümüz sanı bu göynərtidən qurtulmaq olmayacaq. Nədən ki, artıq bir ilə yaxın zaman ərzində istəsək də, istəməsək də için-için etiraf etmək zorundayıq: ey gidi dünya, Akif də ölərmiş!.. Hanı o günlər ki, bir də görəsən gecəyarı 210 31 00-dan zəng gələ, ürəyinə yatan təptəzə şeirini şövq ilə oxuya: “hə, şair, necədi, nətəəri demişəm?”-deyə!
   Ölümündən on ay sonra, yanvarın 26-da 55 yaşı tamam olur. Arzularımız varıydı. Ancaq sən saydığını say... Akifin qoşa “5”-lərini özünə verə bilmədik. Ruhuyla danışıb, ona ərməğan edirik. Bir də təzə kitabına baxıb, az da olsa təskinlik tapırıq. Bu günlərdə «Azərbaycan» nəşriyyatının qrifiylə İstanbulda, İMAK OFSET-də çox yüksək tərtibatla və keyfiyyətlə çapdan çıxan, özünün dillər əzbəri olan “Sən adını qoru - ömür Allahındır” deyimi ilə adlanan kitabı artıq əlimizdədi. Əvəzsiz poliqrafiya nümunəsi olan bu kitabda Akif Məhərrəmovun, demək olar ki, bütün yaradıcılığı toplanıb. Təəssüflər olsun ki, özü görmədi bu mübarək kitabı. Nə bilim, kaş deyilənlər düz olaydı, heç olmasa, ruh deyilən doğrudan da var olaydı, diri olaydı, kitabı görüb bəyənəydi, gəlib yuxumuza girəydi, “sağ ol” deyəydi! Elə sevinərdim ki...
   Kitabın araya-ərsəyə gəlməsində heç nə əsirgəmədən, sonsuz sevgilərlə etdiklərinə görə şairin ailəsinə, xüsusilə, şeirə, ədəbiyyata daha yaxın olan Elçinə kitabın redaktoru kimi, atasının könül dostu kimi öz minnətdarlığımı bildirirəm. Bir də «Azərbaycan» nəşriyyatının direktor müavini Allahverdi Məmmədova, türkiyəli həmkarlarımıza “çox sağ olun” deyirəm.
   Mərhum şair dostumun ofisindəki arxivindən kitab çıxandan sonra bir neçə bütöv və xeyli yarımçıq şeirləri, aforizmləri tapıldı. Akif Məhərrəmovun yaşamını görənlar yaxşı bilirlər. O, eyni zamanda bir-birindən fərqli, təzadlı iki ömrü - qayğılı iş adamı, sahibkar ömrünü və azad şair ömrünü yaşayırdı. Və hər dəfə də birindən o birinə köklənmək, bir səmtdən o birinə yönəlmək lazım gəlirdi. Müxtəlif səbəblərdən onun xeyli şeiri yarımçıq qalıb. Əlyazmaların taleyi elə belə olur.
   Həmin yarımçıq şeirlərin bir qismini olduğu kimi təqdim edirəm. Ola da bilər ki, A. Məhərrəmov bu yazıları tamamlamağı, ya da üzə çıxarmağı lazım bilməyib. Ancaq bu misralar onun könlündən və əlindən keçdiyi üçün, hər necə olsa da, diqqətinizə çatdırmaq niyyətində bulundum...
   ...O dünyan da bu dünyan kimi nurlu olsun, Akif!
   Balaların torpağın sanı yaşasın.
   55-in mübarək!
   
   Rəfail İNCƏYURD
   

   Akif MƏHƏRRƏMOV
   
   Yaxşılığı niyyət tutub, eylərsən,
   Yaddan çıxar, yamanından seçilməz.
   Var-dövlətin hökmü yalan yaradar,
   Baş kəsməyin amanından seçilməz.
   
   Tox olanda çıxardığın qərarlar,
   Fağırların qursağını daraldar.
   Acı sözlər ancaq qanı qaraldar,
   Aydınlığı dumanından seçilməz.
   
   Akif, qarışıbdı bəxşiş hörmətə,
   Hər bir addım səbəb olur minnətə.
   Belə getsə, dözəmmərik möhnətə,
   İstəyənin, umanından seçilməz.
   
   * * *
   
   Kimdi mənnən qalan yazıq dünyada,
   Mən bezmişəm, görən, o da bezdimi?
   Nə gördümsə haqsız gördüm, haqq yoxdu,
   Mən görəni, görən, o da sezdimi?
   
   Hey dolaşdım düzün düz sorağında,
   Əyri çevrə qurub düz qırağında.
   Axtarmaqnan oldum el qınağında,
   Düzdə qaldım, görən, o da gəzdimi?
   
   Akif, naçar qalıb, döndüm qələmə,
   Qələmimi çevirdilər ələmə.
   Nə sözüm var, bəyan etdim aləmə
   Mən yazıram, görən, o da yazdımı?