Esse
   
   Bütün qapıların iki tərəfi var - açan və bağlayan tərəf. Qapıları açanın üzündəki təbəssüm qapını döyənin yorğunluğu ilə tərs-mütənasib olur çox vaxt, (adətən, axşamlar) ona görə bütün narazılıqlar, bütün ailə-məişət davaları gecə doğulur, bütün sülhlərsə gündüz. Gündüz də işıqlıdır, göyərçinlər də ağ. Allah gecəni nələrisə gizlətmək üçün yaradıb, deyirlər, insanın ürəyi insanın gecəsidir, deməli, insanın içi görünmür və orda həmişə nələrsə gizlənir.
   Bütün ağrılar, bəlkə də, bizi sınamaq üçündür, biz bəlkə də, laboratoriya dovşanından özgə bir varlıq deyilik? Yalnızlıq insanın təkliyidir, yalnız olmaq istəyirik, amma insan çoxluğunu heç vaxt dəyərləndirə bilmirik. Çünki çoxluqda düşünmə, dəyərləndirmə imkanımız olmur.
   … Dilənçilər bizim üçün dua edirlər: “Allah sənə kömək olsun”. Gərək bu sözü pul verərkən biz də onlara söyləyək, çün əsl kömək onlara lazımdır. Hər ağızda bir dua var, deyirlər, biz də hər qəpiklə bərabər, onlara bir dua etsək, daha yaxşı olar. Şəhərdə papağını yerə qoyub tütək çalan uşağın aqibəti məni daha çox düşündürür. Sanki biz sənətin küçə səviyyəsinə enməyinə görə ona pul ödəyirik, o da bunu qəbul edir,”əsl sənətkar” kimi.
   Bütün yollar bir-birinə birləşir, bütün ağrılar bir-birinə oxşayır, sanki biz kiminsə yarımçıq qalmış ömrünü tamamlayırıq. Və bir gün Əzrail “Dünya” restoranına gəlib bizi sifariş verir. Və bu da son.
   Son sözünün arxasına üç nöqtə qoyan adamların ümidlərinin böyüklüyü məni təəccübləndirir (bu hal mənə də aiddir), nöqtə daha çox tamamlamadır. Amma həm də onlara haqq qazandırıram, bəlkə də, onlar sonun sonrasını düşünürlər.
   Ana bətnindən düşdük bazara,
   Bir kəfən aldıq endik məzara.
   “Qızıl balıq” nağlılı, yəqin, yadınızdadır, əvvəl kasıb, sonra varlı, sonra yenə kasıb. Biz də beləyik. Dünyaya lüt gəlirik, sonra varlanırıq və bütün, pulumuzu yığıb kəfən alıb gedirik qara torpağa. Bəzi varlılarsa sanki daha bahalı kəfən almaq üçün çalışırlar. Yunus Əmrənin yuxarıdakı misrasındakı bu məna bizim həyatımızın həllidir. Gedək üzü it hürən tərəfə, ən azından həyat öz mövcudluq aktını orda səslə sübuta yetirir.
    Uşaqlar kağız gəmilərinin suda cırıldığına təəccüblənir, amma suyun böyük gəmilər batırdığını xatırlamırlar. Uşaq təmizliyi və ümidi ilə yenə dəftərindən vərəq çıxarıb, yeni gəmi düzəldirlər. Kağızlarına və suya güvənərək.
   Böyük otaqlardan balaca adamların çıxması, həmin adamların içindən bəzən adamların çıxmaması hallarını gördüm həyatda. “Kinderin”dən hədiyyə çıxmayan uşaqlar sayaq təəccübləndim.
   Çırtdan nənəsinin yaxmacını yeyə-yeyə gedir. Odun qırıb qayıdacaq, odununa dostları kömək edəcək. Hərdən qorxaq nağıl tiplərinə də “nağıl qəhrəmanı” deyirlər. Təəccüblüdür, bu qədər qorxaq adama da qəhrəman deyərlər? Görünür, adamın canı çıxınca, adı çıxsın da lazımlı ifadədir. Koroğlunun dəlilərini şizofrenik olduğunu zənn edən “ölü canlar” tanıyıram. Adamları silkəliyin, bəlkə, içlərindən adam töküldü.
   Baxmayaraq ki, təzə gün gecə saat 12-dən sonra başlayır, amma hamı bunu səhər oyandığı vaxtdan hesablayır, çünki işıq o vaxtdan dünyaya yayılır. Deməli, işıq başlanğıcdır. Nə isə gedək işığa tərəf.
   … Ah Puşkin, Puşkin, şairlər ölürlər e... şairlər! Dueldə ölmək necə də maraqlıdır, içində, daxilində ölməkdən. Bəlkə, sən sözü udmuşdun, Puşkin, sözü udanlar silaha “təslim” olurlar axı.
   Qəhrəmanlar iki cür olur, söz və qol qəhrəmanı. Hər gün bu dünyada “bir, iki, üç deyib” özünü mənən öldürən adamları görəndə, onların necə balaca olduğunu, bizlərdən nələri umduğunu görəndə elə bilirəm ki, bura “Liluputstandır”, mən də Qulliver.
   Ümumiyyətlə, dünyanın 371 mln kv/km-dir deyənlərinin də səmimiyyətinə tam inanmıram. Çünki dünya bizim dəyərləndirdiyimiz, qavradığımız miqyasdadır. Adamların bəzilərinin içlərindəki “xəritələr” cırılıb.
   Kaş bütün dərdləri də ürəyimizdən siqaret tüstüsü kimi buraxa biləydik. Amma bizim daxili samovarımızın düdkeşi qapalıdır. Tüstü içəri vurur. Bax bu da adlanır ürək yanğısı. Yanmaq həm də işıq salmaqdır, gedək işığa sarı...
   Qəribədir ki, heyvanlar güzgüyə baxanda heyvan olduqlarını anlayıb qorxurlar. Amma hər səhər güzgüyə baxıb saçlarını darayan adamlar insan olduqlarını xatırlamayaraq qeyri-insani işlər görürlər. Aynada əclaf da, idiot da, vicdanlı da görə bilərsiniz. İçimizdəki adamı tanısaq, çölümüzdəki (əksimizi) adama salam verməyin nə dərəcədə doğru olduğunu başa düşərik. Nə isə yazmaqla qurtaran deyil, yazmaqla qurtarmaq olsaydı, daha biz yazmazdıq, bizdən əvvəlkilər yazıb qurtarardılar çoxdan. Gedək işığa sarı.
   
   Fərid Hüseyn