Mayın 11-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş müsabiqə-sərginin açılışı oldu. 
   Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq ölkəmizdə təşkil olunan bu böyük idman yarışının incəsənət vasitəsilə də tərənnüm edildiyini vurğuladı. Bildirdi ki, rəssamlar bu işə öz töhfələrini veriblər və nəticədə belə bir sərgi baş tutub. 
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə keçirilən hər bir beynəlxalq tədbirin həm də böyük mədəni önəm daşıdığını söylədi. Qeyd etdi ki, bu yarışlar ölkəmizin ev sahibliyi etdiyi başqa tədbirlər kimi yaddaqalan olacaq. Nazir müavini İslam Həmrəyliyi Oyunları günlərində mədəniyyət ocaqlarında bir-birindən maraqlı tədbirlərin keçiriləcəyini vurğuladı. Bildirildi ki, müsabiqə-sərgi bu yarışlarla bağlı layiqli mədəni layihələrdən biridir.
   Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə keçirilən beynəlxalq idman yarışları zamanı mədəni tədbirlərin təşkil edilməsinin ənənə şəklini aldığını bildirdi, sərginin başa gəlməsində zəhmət çəkən hər kəsə minnətdarlıq etdi. 
   Sonra qaliblərin adları açıqlandı. Rəssamlar Elşən Hacıyev, Zaur Qantəmirov, Rəşid Bağırov, Rauf Əbdülhüseynoğlu, Mais Əliyev və Nərmin Abdullayeva rəngkarlıq, heykəltəraşlıq, qrafika, tətbiqi sənət sahələri üzrə mükafatlara layiq görüldülər. 
   Sərginin açılışını bildirən lent kəsildikdən sonra tamaşaçılar əsərlərlə yaxından tanış oldular. Sərgidə 60-dan çox əsər nümayiş etdirilir.
   
   S.Qaliboğlu