Bu, bir yazıçının həyat səhifəsidir
   
   Bu il görkəmli Norveç yazıçısı Knut Hamsunun 150 illiyi tamam olur. Həyatında bir çox ziddiyyətli addımlar atmasına baxmayaraq dünya onu böyük yazıçı olaraq qəbul edib. Azərbaycan oxucusuna kifayət qədər tanış olan yazıçının 150 illiyi ölkəmizdə də qeyd olunur. Artıq onun “Viktoriya” əsəri uğurla tamaşaya qoyulmaqdadır.
   
   Təxəllüsü fermanın adı
   
   Əsl adı və soyadı Knut Pedersend olan gələcək yazıçı Knut Hamsun 1859-cu ildə Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal qütbünün 100 km-də yerləşən Nurlan şəhərinə köçmüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır.
   Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü. Sərt, dindar adam olan dayısı Hans Olsen kiçik yaşlı muzdurunu - Knutu tez-tez döyür və ac saxlayırdı. Nəticədə o, evdən qaçmalı, yerini və işini mütəmadi dəyişməli olurdu. Səyyar ticarətçi, mağazada satıcı, çəkməçi işləmişdi. Belə şəraitdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Lakin təbiət bu kəndli oğluna yazmaq istedadı vermişdi. Ona görə də üzləşdiyi bütün məhrumiyyətlərə baxmayaraq, 18 yaşında "Sirli adam" adlı ilk povestini 1877-ci ildə çap etdirmişdi.
   Növbəti il Knut Hamsunun "Bürger" romanı işıq üzü görmüşdü. O, paytaxtı fəth etmək və ədəbi zəhmətinin qazancı ilə yaşamaq üçün 1878-ci ildə Nurlandakı bir tacirdən borc aldığı pulla Xristianiyaya (indiki Oslo şəhəri) yollanmışdı. Əziyyətlə üzləşsə də, qarşısına qoyduğu məqsədi gerçəkləşdirə bilməmişdi. Bir müddət yol fəhləsi kimi çalışdıqdan sonra bəxtini daha uzaqlarda - ABŞ-da sınamaq qərarına gəlmişdi. Ora isə onun söhbətlərini xoşlayan dostunun anasının yardımıyla yollanır. Burada da aclıq və ehtiyacın hər üzünü görmüş, uğursuzluğa düçar olmuş, xəstələnmişdi. 1884-cü ildə Rembrandtın məşhur tablosundakı "yolunu azmış oğul" kimi yenidən Norveçə qayıtmışdı.
   Knut Hamsun daha bir dəfə (1886) okeanın o tayına üz tutmuş, Çikaqoda tramvay konduktoru, Dakotada muzdur işləmişdi. Amma yenə də Amerikanı fəth edə bilməyib məmləkətinə dönmüşdü. Konduktorluqdan isə iş vaxtı kitab oxuduğu üçün qovulmuşdu.
   
   Ac yazıçının “Aclıq” əsəri
   
   Kopenhagendə yazdığı son povestini Georq Brandesin qardaşı, yerli jurnallardan birinin redaktoru Edvard Brandesə göstərmişdi. Adı müəllifinin vəziyyətinə uyğun gələn "Aclıq" povesti (1890) həm jurnalda, həm də ayrıca kitab şəklində çap olunmuş və ədəbi sensasiyaya çevrilmişdi. "Aclıq" povestində Knut Hamsun Skandinaviya nəsrində dəbdə olan tənqidi realizmdən və ədəbiyyatın vəzifəsini insan həyatının yaxşılaşdırılmasına xidmət kimi başa düşən yanlış təsəvvürlərdən imtina etmişdi. Bitkin süjeti olmayan povestdə Osloda yaşayan və yazıçılıq niyyətinə düşən bir gəncdən söhbət gedirdi. Bu gənc öz dahiliyinə inandığından aclıq və ehtiyac içərisində yaşamağı istək və iddiasından əl çəkməkdən daha üstün tutur. O, təkcə yemək deyil, insani ünsiyyət, seksual tələbat və özünüifadə ehtiyacı ilə də üzləşir. Bir sözlə, aclıq onun həyatının bütün sahələrini əhatə edir, onu hər cəhətdən yeyir, çökdürür.
   
   İnsanı kəşf etmək amalı
   
   Hamsun "Misteriya" romanında (1892) insanın şüuraltı həyatına və subyektiv dünyasına, "Pan" (1895) romanında isə təbiətlə münasibətlərinə aydınlıq gətirməyə çalışmışdı. Müəllif Artur Şopenhauer, Eduard fon Hartman, Fridrix Nitsşe fəlsəfəsinə əsaslanan subyektiv nəsr konsepsiyasını yalnız bədii əsərlərində deyil, həm də "Qəlbin şüuraltı həyatı haqqında" essesində əsaslandırmışdı.
   
   Əlyazmalar yanır
   
   XIX əsrin son illərində o, dram yaradıcılığına da müraciət etmiş, filosofun həyatından bəhs edən "Hakimiyyətin qapısı önündə" (1895), "Həyat dramı" (1896) və "Axşam şəfəqi" (1898) dramatik trilogiyasını yazmışdı. Lakin tənqidçilərin fikrincə, Hamsunun səhnə əsərləri xarakterlərin dərinliyi baxımından romanları ilə müqayisə olunmayacaq dərəcədə zəifdir. Müəllif gənclik illərində yazdığı şeirlərin çoxunu yandırsa da, 1904-cü ildə çıxan "Vəhşi xor" poetik məcmuəsi onun poeziya sahəsində də orijinal istedad sahibi olduğunu nümayiş etdirmişdir.
   Yaradıcılıq təcrübəsi artdıqca Knut Hamsun personajların çoxluğu və hadisələrin mürəkkəbliyi ilə diqqətçəkən mürəkkəb əsərlər yazmağa meyil göstərirdi. Onun "Əsrin övladları" (1913) və ikicildlik "Segefoss şəhəri" (1915) romanları bu qəbildən olan epik əsərlərindən idi.
   Knut Hamsun milli ədəbiyyat tarixinə patriarxal Norveç həyatının tərənnümçüsü kimi daxil olmuşdu. O, sənayeləşmənin cəmiyyətə gətirdiyi yenilikləri yaxına buraxmaq istəmirdi. Xalqın həqiqi simasının yalnız kəndlərdə qorunduğu fikrini ardıcıl müdafiə edirdi. Bu əhvali-ruhiyyə yazıçının "Torpağın gücü" (1917) romanında yüksək sənətkarlıqla əks olunmuşdu. Hamsun torpağa və patriarxal ənənələrə bağlılığını qoruyub saxlayan sadə Norveç kəndlilərinin - İsak və İngerin həyatlarından böyük məhəbbətlə söz açmışdı.
   
   Nobel tarixində hadisə
   
   İsveç Akademiyası 1920-ci ildə öz tarixində ilk dəfə konkret əsərə Nobel mükafatı vermişdi - Knut Hamsun monumental "Torpağın gücü" romanına görə ədəbiyyat sahəsində laureat olmuşdu. Akademiyanın üzvü Harald Yerne bu əsəri "harada yaşamasından, hansı işi görməsindən asılı olmayaraq bütün insanların həqiqi həyat hekayəsi" kimi dəyərləndirmişdi. Knut Hamsun ənənəvi Nobel mühazirəsi ilə çıxış etməkdən boyun qaçırmışdı.
   Bu mükafatla yazıçı Norveçin cənubunda özünə malikanə almışdı. O, burada təkcə yeni əsərlərini yazmırdı, həm də təsərrüfat işləri ilə məşğul olurdu.
   İllər keçdikcə Hamsun yaradıcılığında bədbin, qaranlıq səhifələr çoxalmağa başlamışdı. "Qadınlar quyu başında" əsərində (1920) müəllif balaca bir dənizkənarı kəndin müasirləşmə sevdasına düşməsi və məhv olması prosesini təsvir etmişdi. İkicildlik "Son fəsil" romanında isə (1923) kənd sanatoriyasının ürəksıxan, kədərli tarixçəsi öz əksini tapmışdı.
   Təbii ki, Hamsun rəngləri tündləşdirdikcə, tənqid də ona eyni sərtlik və inamsızlıqla yanaşırdı. Bütün bunlardan sarsılan müəllifin bir müddət psixoanaliz metodu ilə müalicə alması barəsində məlumatlar mövcuddur.
   Knut Hamsunun 1927-1933-cü illərdə yaratdığı trilogiyanın ("Səfillər", "Avqust", "Həyat davam edir") əsas qəhrəmanı həyatda heç bir məqsəd və məramı olmayan Avqust adlı səfildir. "Dairə qapanır" adlı sonuncu romanında (1936) isə Hamsun ümumiyyətlə insan həyatının mənasızlığı qənaətinə gəlib çıxmışdı.
   
   Faşizmin müdafiəçisinə oxucu etirazı
   
   Onun gerilikçi, hətta mürtəce baxışları təkcə ədəbiyyata deyil, ictimai-siyasi həyat hadisələrinə münasibətdə də özünü get-gedə daha aydın şəkildə büruzə verirdi. Knut Hamsun Almaniya və İtaliyada faşistlərin hakimiyyətə gəlməsini açıq şəkildə təqdir edən azsaylı Avropa intellektuallarından biri idi. Onun fikrincə, sovet ayısının və Britaniya buldoqunun pəncəsindən xilas olmaq üçün Norveçin yeganə xilas yolu Hitlerlə müttəfiqlikdən keçirdi. Bu baxımdan Norveçin alman işğalına uğraması fikrini qətiyyən yaxın buraxmırdı. Əksinə, Hitlerin kiçik Norveç xalqına yardım əli uzatdığını iddia edirdi. Müharibə dövründə Hamsun faşistpərəst Viskun Kvislinq hökuməti ilə əməkdaşlıq edən və onu dəstəkləyən yeganə tanınmış ziyalı idi. O, yəhudilərin sıxışdırılmasına və ölüm düşərgələrinin yaradılmasına dolayısı yolla haqq qazandırmışdı. 1943-cü ildə Knut Hamsun Hitler və Göbbelslə görüşmüşdü. Hətta öz Nobel mükafatı laureatı medalını hədiyyə kimi alman reyxkanslerinə bağışlamışdı. Hitlerin ölüm xəbəri yayılanda isə Hamsun Norveçin "Avanpost" qəzetində nekroloq çap etdirərək, onu dövrün böyük şəxsiyyətlərindən biri kimi dəyərləndirmişdi. O italyan faşistlərinin lideri Mussolini ilə də əlaqələr yaratmağa çalışmış və yazılarında ondan rəğbət hissi ilə söz açmışdı. Bütün bunlara görə norveçlilər böyük yazıçıdan üz döndərmişdilər. Etiraz əlaməti kimi onun minlərlə kitabı müəllifin ünvanına göndərilmişdi. 1945-ci ilin payızında faşistlərlə əməkdaşlığa görə Knut Hamsun və ikinci arvadı, keçmiş aktrisa Mariya Andersen həbs edilmişdi. Hamsun dörd ay həbsdə saxlanmış, sonra isə Landvikdəki qocalar evinə köçürülmüşdü. 1947-ci ildə məhkəmə qarşısına çıxarılan yazıçının ittiham üzrə günahı sübuta yetirilmişdir. Eyni zamanda oğlunun almanların seçmə hərbi hissələrində qulluq etdiyi faktı aşkar olunmuşdu.
   Lakin həkim komissiyası haqqında "əqli deqradasiya" qərarı çıxardığından Hamsun həbsdən canını qurtara bilmişdi. Məhkəmə onu 425 min Norveç kronu (təxminən 80 min ABŞ dolları) cərimə etmişdi. 1949-cu ildə Knut Hamsun özünə qarşı yönələn ittihamlar və üzərində qurulan məhkəmə prosesi ilə əlaqədar "Ot basmış cığırlarla" adlı müdafiə xarakterli kitabını yazmışdı. Tənqidçilərin fikrincə, "canlı, müxtəsər və parlaq" üslubda qələmə alınan bu kitab 90 yaşlı yazıçıya hüquqi cəhətdən haqq qazandırmağa əsas verməsə də, şəxsiyyətinə və yaradıcılığına olan marağı xeyli artırmışdı. Son dövrlərdə Norveçdə Hamsunun məhkəmə prosesinə fərqli münasibət ifadə edən, hətta onun müdafiəsinə yönələn kitab və məqalələr çap olunmuşdur.
   
   Sabutay