Ə.HAQVERDİYEVİN “Kimdir müqəssir?” əsərinin motivləri əsasında hazırlanmış üçhissəli komediya
   
   Cavad
   (Bakı Slavyan Universitetinin tələbəsi)
   
   Gənc yazıçının bir çox nəsr nümunələri müxtəlif ədəbi dərgilərdə çap edilib. Oxucularımızın tanış olacağı «Tamah» pyesi isə Mədəniyyət və Turizm Nazirliyinin «Ən yaxşı dram əsərləri» müsabiqəsinə təqdim edilib.
   
   
   İştirak edirlər:
   
   Mahmud - azərbaycandilli fəhlə, Baharın həyat yoldaşı
   Bahar - rusdilli, evdar qadın, Mahmudun həyat yoldaşı.
   Rüfət dayı - ər-arvadın qaldıqları evin sahibi, keçmiş çinovnik.
   Erkək və Dişi cinlər
   (cinlər əsər boyu istənilən vaxt, istənilən yerdə görünüb, Mahmud və Baharla danışıq apara bilirlər.)
   
   
   I pərdə
   
   Yer kürəsi. İzdihamlı küçə. İnsanlar iri addımlarla şəhərin küçələrində var-gəl edirlər. (uzaqdan musiqi səsi eşidilir). Uzun var-gəldən sonra insanlar dərk edirlər ki, onlar çıxışı olmayan bir labirintdədirlər.
   Elə bu vaxt Ulu Tanrının səsi eşidilir: - Ey yer üzünün sakinləri sizlərə xitabən səslənirəm. Cənnətdən qovulmanızın səbəbini özünüzdə axtarın. Bilin və agah olun ki, baş vermiş cinayətdə özünüz müqəssirsiz.
   
   (Bu dəmdə iki dişi və erkək cin hoppanaraq səhnəyə daxil olurlar.)
   Erkək Cin: Əşşi, bu da lap boş-boş sözləri ilə neçə əsrdir ki, abrımızı töküb.
   Dişi Cin: Gəlsənə, onu radiolarda razkrutka eləyək.
   Erkək Cin: Bəs qorxmursan ki,onun qəzəbinə tuş gələrik.
   Dişi Cin: Ey tupoy, yadından çıxıb ki,o mehriban və bağışlayandır.
   Erkək Cin: (kinayə ilə) Mehriban və bağışlayandır. Yox, bir ATƏT-in sülhməramlı kontingentidir. Elə onun ucbatından babamız İblis kimi hər yerdən qovuluruq.
   Dişi Cin: Yaddan çıxartma kı, o yalnız istəkli, şıltaq bəndələrini cənnətdən qovur.
   Erkək Cin: Nə demək istəyirsən, bəni Adəm övladları bizlər kimi şıltaq və əziz bəndələrdir.
   Dişi Cin: Təəssüflər olsun ki, biz bərabərhüquqlu olaraq eyni aqibəti bəşər övladı ilə bölüşürük.
   Erkək Cin: Başıva at təpib, nədi? Bura bax lap komsomol kimi danışdın,
   Onlar artıq bizim sıralara yol tapıb?
   Dişi Cin: Gic-gic danışma, ondansa gəl, babamız İblisin Adəm və Həvva oyununu oynayaq.
   Erkək Cin: Deyirsən risq eləyək, fikirləşirsən ki, bu dəfə də bəşər övladı öz tamahının qurbanına çevriləcək.
   Dişi Cin: Əlbəttə,bəs necə,çox pakizə. ha ha ha ha!!!! (Gülüşürlər)
   
   I pərdənin sonu
   
   II pərdə
   
    Sinxron: Şəhərin mərkəzində həyət evi. Birotaqlı çox darısqal mənzil. Çarpayıda uzanan Bahar televizora baxır. Elə bu vaxt qapının zəngi çalınır. Bahar ərinə-ərinə qapıya tərəf gedib kimdir? deyə soruşur:
   Mahmud: Aaz, aç qapını, mənəm.
   (Bahar qapının cəftəsini açır. Mahmud içəri daxil olur.Əlindəki zənbili Bahara uzadır)
   Mahmud: Al götür, tez elə, qolum qırıldı.
   (Bahar zənbili Mahmuddan alıb, masanın üstünə qoyub açır. Zənbilin içindəki çörəklə yarımkiloluq kartofu görüb, deyinməyə başlayır)
   Bahar: Bu nədi almısan,yenə də kartoşka-çörək yeyəcəyik?
   Mahmud: Bah, qudurasan qurbağa, nənən Həvva bəyəm hər gün baban Adəmlə kabab yeyirdilər?!
   Bahar: Hardan bilirsən ki, nə yeyib, nə yeməyiblər?! Yanlarında olmuşdun, yoxsa onlar kimi buğda yeyib cənnətdən çıxmısan?!
   Mahmud: Aaz, doğrudan, gah deyirlər ki, buğda yeyiblər, gah da deyirlər ki, alma yeyib qovulublar, adam bilmir kimə-nəyə inansın. Gərək sabah işdə Orxandan soruşum. Bizlərə baxanda o bir az savadlıdır.
   Bahar: Alma yeyiblər, buğda yeyiblər, nə fərqi, axır ki, qovulublar. Mahmud: Hamısı da elə sənin nənən Həvvanın ucbatından, yoxsa o kişi də, elə mən də bu dəqiqə cənnətdə oturub kef çəkirdim, yoxsa indiki halıma bax, beş-on manata görə səhərdən-axşama kimi novastroykada daş daşıyıram.
   Bahar: Çox əcəb, biz qadınların əlimizin içindən gəlib, baban Adəm kişi olardı, arvadının hər sözünə aldanmazdı, cənnətdən də qovulmazdı. Vot i vsyo.
   Mahmud: Aaz, deyirəm nə təhər həyasız məxluqsunuz, şeytanla əlbir olub kişinin başını tovladınız. (Gözlərinə görünməyən cinlər onların söhbətlərinə qulaq asıb qəhqəhə çəkirlər.) İndidə utanmaz-utanmaz oturub biz kişiləri nepraf çıxardırsız. Nə isə, nədən danışırdım, hə dana, bizdə işləyən o həmin Orxandan, gör fikrimi necə çaşdırdın eeee...
   Bahar: Hə, de, danış görək, sizin bu Orxandan.
   Mahmud: Nə deyəcəy e işə girəndə bizə bir iki kağız-kuğuza qol çəkdirməmişdilər.
   Bahar: Hansı kağız-kuğuzu deyirsən?
   (Mahmud bir xeyli fikrə gedir.Erkək Cin onun qulağına pıçıldayır)
   Erkək Cin: Əmək müqaviləsi, ay tupoy. Əməəəəəəəək...
   Mahmud: Aaz, Bahar əmək müqaviləsi dana, görürsən vicdanımın səsi də mənim ağlıma heyran qalıb. Mahmud lovğa-lovğa cavab verir.
   Bahar: Hə, nə olsun ki? (Bahar kinayə ilə soruşur)
   Mahmud: Aaz, nə olacağ e, deyir ki, o müqaviləyə uyğun olaraq biz öz vətəndaş həmrəyliyimizi müdiriyyətdən tələb etməliyik.
   (Heç nə başa düşə bilməyən Bahar təəccüblə Mahmuddan soruşur)
   Bahar: Bəs sən nə dedin?
   Mahmud: Nə deyəcəm, dedim, ay rəhmətliyin oğlu, nəyi qoyub nəyi axtarırsan. İstəyirsən ki, sənin “demoqoqluğun” ucbatından hamını işdən çıxarsınlar.
   Bahar: O, nə dedi?
   Mahmud: Nə deyəcək e, başını buladı və çıxdı getdi. Bütün işdəkilər də mənimlə razılaşdılar, hamısı da gürultulu alqışlarla mənə əl çaldılar!
   (Erkək Cinlə Dişi Cin əl çalıb, şıdırğı vurub oynadılar).
   Sinxron: Mahmud evə gələndə, Bahar sonra qapının cəftəsini, bağlamağı unutmuşdu. Əslinə baxanda burda Baharlıq da bir şey yox idi. Onlar buraya köçəndən qapının cəftəsi xarab idi.Odur ki, qapı azacıq aralı qalmışdı.Qapı döyülür, evdəki sakitçilik bir anda pozulur. Qapını döyən kirayədə qaldıqları evin sahibi Rüfət kişi idi.
   Bahar və Mahmud: Kimdir?
   Rüfət dayı: Mənəm, Rüfətdir, açın qapını.
   (Mahmud Baharı dümsükləyir)
   Mahmud: Aaz, get aç qapını.
   Bahar: Aaa..., lap ağlın çaşıb e, kişi deyilsən, get aç da.
   Mahmud: Bura bax, deyəsən, kişiliyi əlivizdə bayraq eləyib tutmusuz. Nədi bəyəm, kişi adam deyil?
   (Onların söhbətindən hətta cinlər də zara gəlirlər. Erkək Cin Mahmudun qulağına)
   Erkək Cin: Mahmud, sən atovun goru, onsuz da sən kişi deyilsən, dur arvadıvı götür, qapını aç.
   Rüfət dayı: Bu xarabada qapını açan olacaq, ya yox? (Rüfət qışqırır)
   (Ər-arvad ikisi də əl-ələ verib qapıya tərəf gedirlər. Mahmud elə qapının dəstəyini açmaq istəyəndə görür ki,Rüfət kişi artıq içəridədir.)
   Mahmud: Bıy, a Rüfət kişi, sən uje içəridəsən?
   Rüfət dayı: Gördüyünüz kimi artıq hüzurunuzdayam.
   Bahar: Xoş gəlmisiniz, Rüfət dayı, həmişə siz gələsiz...
   Rüfət dayı: Sağ ol, qızım, xoş gününüz olsun.
   Mahmud: Rüfət kişi, orda niyə dayanmısan gəl keçək içəri.
   Rüfət dayı: Yox, çox qala bilməyəcəyəm.Gəlmişəm sizi axşam təzə aldığım mənzilə dəvət edim.
   Bahar: Oy, nə yaxşı, təbrik edirəm sizi, sağlıqnan oturasız. Biz Mahmudnan mütləq axşam sizdə olacağıq, elə deyil Mahmudçik?
   Mahmud: Hə, bəs necə, mütləq-mütləq təşrif buyuracağıq.
   Rüfət dayı: Çox sağ olun mənim əzizlərim, mütləq gözləyəcəyəm. (Sonra qapının yanındaca dayanıb Mahmuda əlindəki qapının cəftəsini verib tapşırdı)
   O ki qaldı buna, kişi gərək öz cəftəsini itirməsin. Di sağ olun mən getdim.
   (Mahmud təəccüblənir)
   Mahmud: Heç nə başa düşə bilmirəm, görəsən, cəftənin kişiliyə nə dəxli var?
   Bahar: Çox fikirləşsən, tez qocalarsan, ondansa get hazırlaş, axşam artıq qonaqlıqdayıq.
   (Mahmud isə burnunun altında mızıldana-mızıldana gedir hazırlaşmağa)
   
   II pərdənin sonu
   
   III pərdə
   
   Sinxron: Rüfət kişinin novastroykadakı təzə aldığı beşotaqlı mənzilin qonaq otağı yemək-içməklə bol olan iri masaların birində Rüfət kişi oturub qonaqlarının yolunu gözləyir. Elə bu vaxt qapının zəngi çalınır. Rüfət kişi ayağa durub qapıya tərəf gedib qapının gözlüyündən baxır. Heyrətdən donub qalmış Mahmudla Baharı görüb qapını açır.
   (Onlar içəri daxil olurlar. Rüfət kişi əliylə işarə edib, buyurun deyib onları qonaq otağına dəvət edir. Heyrətlərini gizlədə bilməyən ər-arvad əyləşirlər.)
   Mahmud: Ayə, a Rüfət kişi, bura lap şadlıq sarayıdır ki...
   Bahar: Çuşka, nə şadlıq sarayı, bura əməlli-başlı muzeydir.
   Rüfət dayı: Görürəm ki, ərli-arvadlı heç vaxt muzeydə olmamısız (Rüfət kişi onlarla üzbəüz masada əyləşdi).
   Mahmud: Niyə ki,a başına dönüm,şəxsən mən uşaq vaxtı pionerə keçəndə, Lenin muzeyində olmuşam.
   Bahar: A, neujeli Mahmudçik, Leninin mavzoleyində olmusan, nu tı krutişka?
   Mahmud: Aaz yox e, Bakıdakı.
   Rüfət dayı: Mahmud, mən bilən hazırda Bakıda Leninin adına, nəinki muzey, heç ucuz zabivalovkalara oxşayan stolovu da tapmaq olmaz.
   Mahmud: Rüfət kişi, bilirsiz, hansını deyirəm,O, xalça-palaz saxlayırlar e, bulvarın yanında.
   Rüfət dayı: Anlaşıldı Xalça Muzeyi..
   Bahar: Hardan belə bu muzey söhbətini saldınız.
   Rüfət dayı: Elə belə, sadəcə olaraq, ərli-arvadlı zövqüvüzə vuruldum...
   (Rüfət kişi ilə razılıq əlaməti olaraq ər-arvad ikisi də başlarını tərpətdilər. Cinlərdə razılıq əlaməti olaraq əl çaldılar, sonra isə gülüşdülər. Söhbətlərinə ara verib,yeyib-içməyə girişdilər.Daha sonra Rüfət kişi tənbəkisini tütünlə doldurub çəkməyə başladı)
   Sinxron: Rüfət kişi yaşı çox olmasına baxmayaraq, qədd-qamətini, şuxluğunu, qoruyub saxlamışdı. El arasında deyildiyi kimi, canı hələ sulu idi. Bütün bu nüanslar, Baharın nəzərindən qaçmamışdı. Bahar isə cavan, gözəl qadın olmaqla yanaşı, əksər qadınlar kimi, şöhrətpərəst və var-dövlət düşkünü idi. Onlar kirayədə qaldığı gündən Rüfət kişinin varlı olduğundan xəbərdar idilər. Lakin bugünkü ziyafət Baharı bir qədər də düşündürməyə sövq etdi.
   Bahar: Niyə də yox, axı nə vaxta kimi, quru pendir-çörək, qızardılmış kartoşka yeyəcəyəm?! Nə vaxta kimi onun-bunun paltarını geyinəcəm.
   Dişi Cin: (Baharın qulağına) Nə vaxta kimi ucuz mobilniy gəzdirəcəksən.
   Bahar: Vot, nə vaxta kimi?..
   
   (Ardı növbəti sayımızda)