19-cu əsrin dahi yazıçısı Tolstoyun evinin həmin əsrin «Facebook»u olduğu söylənilir. Çünki təkcə yazıçının deyil, bu evdə yaşamış hər kəsin kitabça halına salınmış gündəlik yazdığı məlum olub. “Hərb və sülh” əsərinin cildləri ilə dolu evdə yazıçının gündəlikləri ilə yanaşı, həkiminin, katibəsinin, övladlarının, tələbələrinin və həyat yoldaşı Sofiyanın gündəlikləri üzə çıxıb. Sofiyanın gündəlikləri artıq bu yaxınlarda nəşr edilib və maraqla qarşılanıb. 16 yaşından gündəlik yazan Sofiya, 1862-ci ildə Tolstoya ərə getdikdən sonra bu işi daha əhatəli görmüş və vəfat etdiyi 1919-cu ilə qədər hər gününün qeydiyyatını aparmışdır. Gündəlikdə bolşevik imqilabından tutmuş, Tolstoyun ruhi vəziyyətinə qədər maraqlı şərhlər və qeydlər özünə yer tapıb.
   
   «Google» şeytan
   
   Ədəbiyyat dünyası romançı, şair, tərcüməçi Ursula Cuinin 1972-ci ildən bu yana üzvü olduğu ABŞ Yazarlar Sindikatından istefasıyla sarsılıb. Yazıçı istefasına səbəb kimi, «Google» axtarış sisteminin milyonlarla kitabı sistem vasitəsi ilə elektronlaşdırmaq planına qarşı olmasını göstərib. Yazar istefa məktubunda Yazarlar Sindikatını «şeytanla - «Google» ilə əməkdaşlıq etməkdə» günahlandırıb. Sindikat isə onun göstərdiyi səbəbin həqiqətən də kitab çapına böyük zərbə vuracağını etiraf etsə də, «Google» ilə əməkdaşlığı məcburiyyət adlandırıb.
   “Yaxın keçmişdən çıxardığımız dərslər var: Dijital texnologiyalar və internet ilə ənənəvi media qarşı-qarşıya gəldiyində, bundan həmişə ənənəvi media zərərli çıxır. Bu vəziyyətdə «Google»nin təklifindən yazarların bəhrələnə bilməsinə çalışmalıyıq”.
    Mövzuyla əlaqədar Milli Yazarlar Birliyi, Amerika Jurnalistlər və Yazarlar Dərnəyi, Amerika Elm-Fantastik və Fantastik Yazıçıları adlı üç təşkilat ABŞ Konqresinə məktub göndərərək «Google»yə qarşı dəstək istəyib.
   
   Turistlər üçün kitabxana
   
   1903-cü ildə Hindistanın Motihari vilayətində doğulmuş ingilis yazıçısı Corc Oruelin baxımsızlıqdan zibilliyə çevrilmiş evi təmir edilərək yazıçının adını daşıyacaq kitabxanaya çevriləcək. “1984”, “Heyvanat bağçası” kimi əsərləri ilə məşhurlaşmış yazıçının evinin təmiri bölgəyə turist cəlbi məqsədi ilə edilir. Amma sözsüz ki, bura ilk növbədə yazıçının kitablarını sevənlər üz tutacaq.

Sabutay