Dünyadan üzərimizə çeşid-çeşid roman yağarkən «bizim də ədəbi mühit roman yazmalı!..» nidası ətrafa yayıldı. Və elə bu haraydan diksinən əli qələmli demək olar ki, hər kəs «roman yazıram» deyə, allı-güllü açıqlamalar verdi. İş o yerə çatdı ki, bir-iki hekayə yazmış gənc də nicat yolunu roman manipulyasiyasında gördü. Şeir bumunu, poeziya burulğanını qısa zamanda roman keçidi əvəz etdi. Şəxsən mən xeyli yazar tanıyıram ki, neçə ildə “romançılıqla” məşğulluqda iddialı olmaqla bir-iki hekayə qaralamaqdan da məhrum olub. Çap edilən kitabların siyahısında hekayələr bölümlü nəşrə rast gəlinmir. Deməli, bizdəki hekayənin janr olaraq böhrana uğraması deyimi fakt olaraq məntiqlidir. Nəsrimizin tarixinə nəzər salsaq, romandan daha çox hekayə ənənələrinin möhkəm olduğunu və məhz bu janrda ən yaxşı yazıçılarımızın gözəl əsərlər yazdığını görərik. Forma baxımından hekayəçiliyimizdə müxtəliflik öz gözəlliyi ilə seçilir. Bu mənada Mirzə Cəlildən İsi Məlikzadəyə qədər zəngin hekayə ənənəsi var. Bəli, mən o fikirlə razıyam ki, hekayə janr ölçüləri ilə qat-qat roman yazmaqdan çətin başa gəlir. Romanda gizlənmək mümkündür, hekayədə isə konkretlik var. O dərəcədə ki, sən burada ya istedadlı olduğunu göstərə biləcəksən, ya da bir yazıçı iddianla fiaskoya uğrayacaqsan. Bəlkə elə bu fiasko qorxusundandır ki, yazarlar guya daha böyük işlə - roman yazmaqla məşğuldur. Məni ad çəkməməkdə də günahlandıra bilərsiniz, sadəcə istisna edəcəyim hallar olmadığı üçün ümumi vəziyyəti qəti şəkildə qiymətləndirməyə məcburam. Baxın, İsa Hüseynov gözəl hekayələrində yetişərək romançılığa keçib. Keçək «Əli və Nino» kitab mağazasının təsis etdiyi Milli Kitab Mükafatında bir mərhələ adlamış romanlara. Cansıxıcı, hədəfində nə olduğu anlaşılmayan mətnlər yığnağıdır. Mən mükafat təsisçilərini qınamıram. Son illərin əksər romanlarına nəzər salaq: romanlar kitab şəklində çap edilsə də, oxucular bir yana, heç ədəbiyyat adamları belə orada romançılıq adlı bir şey görməyiblər. Bu romanların cansız olma səbəbləri də birbaşa hekayəçiliklə bağlıdır. Hekayə janrında bişmədən romana hoppananda belə olmalı idi. Yaxşı, məsələ nədədir deyəcəksiniz? Məsələ budur. Hekayə, şeirin tam əksi olaraq fundamenti çətinliklə tökülən janrdır. Şeirlə ədəbiyyata tezbazar adını soxub, romana bu səbəbdən atlanılır. Markes əjdaha romanlarından fərqli olaraq hekayəsinin gün ərzində cəmi bir cümləsini yazırdı. Digər tərəfdən sən hekayə yazdınmı qəzet və ya jurnalda çap etdirməlisən, çünki bir hekayədən ibarət kitab çap edilmir. Bu halda isə mütləq hekayən ədəbi mühitdə müzakirə olunacaq. Fiaskodursa, sabah bu hekayələri kitabında görüb güləcəklər. Roman isə...Bax, bu başqa məsələ. Yazarsan və sabah dərhal kitaba çevirərsən. Sonra kim nə deyir desin. Qatar artıq gedib, romançı isə piarla məşğuldur. Ucuz piar başlayır, qoymayın romanıma paxıllar hücum edir, mağazalarda basa-basdır, dost qəzetlərdə müsahibələr... Nə isə, həngamə və nəticə: 500 nüsxəlik kitabın 50-70 faizi satılmayıb. Qalanını da dost tanış nisyə aparıb. Mən Ekonun “Qızılgülün adı” romanında göz önündə canlanan labirintindən çıxa bilərəm, amma bizim romançıların nə demək istədiklərindən qəti baş açmaq olmur. Bu zəvzək piar məsələsi hər şeyi daha da korlayır. Piar diqqətləri çəkmək üçündür. Əgər sənin bir gözəlliyin yoxdursa, piar etmənin nə adı ola bilər? Bir dəfə nəsr yazan dostlara söhbət əsnasında dedim ki, buyurun arxasında əyləşdiyimiz masa üzərindəki əşyalardan birini seçin və ondan hekayə yazın. Zatən anlamadılar. Amma bu Markesin sözüdür. “Mən külqabıdan da hekayə yaza bilərəm”. Bunun üçünsə Markes ciddiyyəti lazımdır. Bunu edə biləcəksənsə, romanı da yaza biləcəksən. Bunu edə bilmək, külqabı ətrafında öz üslubun, forman, yanaşma tərzinin olması üçünsə bu dar çərçivədə işləyəcək fantaziyan, istedadın olmalıdır. Bax, onda romanın verdiyi çərçivəsizlikdə mükəmməl əsər ortaya qoya bilərsən. Yaxşı olar ki, romançılarımız hələlik adi əhvalatlardan hekayəciklər yazmaqla qələmlərini itiləsinlər.
   Yaxşı əhvalat yazmaq və dolayısı ilə yaxşı hekayəçi olmaq üçün zamana sahib olmaq, lazımlı kitabları əldə etmək, onları oxumaq, qiymətləndirmək, assimilyasiya etmək, yazı dilini zənginləşdirmək, müşahidələrini test etmək, uyğun mühitinə sahib olmaq, hətta yaşayan bir ustadan müəyyən bir müddət kömək almaq və bütün bunlardan sonra yazılacaq əhvalatların məzmunundan tamamilə arxayın olana qədər nümayiş etdirməmək lazımdır. Hekayə daxilində əslində konkret bir roman sıxılıdır. Misal olaraq növbəti yazıda Çexovdan, onun hekayəçiliyindən bəhs edəcəyəm. Öyrənmək ayıb deyil. Hekayə damla-damla yığılan şirədir. Bəlkə də bunu bildiklərindədir ki, uzun çəkən hekayə yaradıcılığı prosesinə dözə bilməyən çoxluq bir oturumluq romanlara baş vurur. Çox pis və həm də daha pis ki, ədəbi sayılacaq bir ənənə gələcəyimizin ədəbiyyatına sırınır. Diqqətli olmaq lazımdır.
   
   Sabutay