Van Qoqun əsərinə 50 milyon dollar qiymət qoyulub
   
   “Christie's” auksion evindən verilən məlumata görə noyabrın 13-də Nyu-Yorkda məşhur amerikalı xeyriyyəçilər Nensi Li və Perri Bassın kolleksiyalarında olan Vinsent Van Qoqun “Hasarlı sahə və cütçü” (“Laboureur dans un champ”) rəsm əsəri hərraca çıxarılacaq. Əsərin başlanğıc qiyməti 50 milyon dollar müəyyən edilib.
   Məşhur hollandiyalı rəssam bu əsəri 1889-cu ilin avqust-sentyabr aylarında psixi xəstəxanada müalicə olunarkən çəkib. Rəssamın bu xəstəxanaya düşməsinə səbəb isə fransız rəssam Pol Qogen ilə “Jele ev” (“The Jelly House”) əsəri üstündə iki ay mübahisə etdikdən sonra öz qulağını kəsməsi olub. Dostu ilə mübahisə Van Qoqa elə təsir etmişdi ki, o, demək olar ki, doqquz ay əlinə fırça almamışdı. 
   Rəsmdə Van Qoqun 1889-1890-cı illərdə yaşadığı evin pəncərəsindən görünən əkin sahəsini şumlayan cütçü obrazı təsvir edilib. Bu onun müalicə olunduqdan sonra çəkdiyi ilk əsərdir.
   Van Qoqun əsəri ilə yanaşı Anri Matiss, Mark Şaqal, Coan Miro və Mark Rotkonun da əsərləri hərraca çıxarılacaq.
   Auksiona ümumi dəyəri 120 milyon dollardan çox qiymətləndirilən impressionizm və müasir incəsənətin şah əsərlərindən olan 36 əsər təqdim edilib. 
   
   Rafiq Vəliyev